Ən çox izlənən videolar

"Böyük fəlakət" günündə son vəziyyət (VİDEO)

Əgər Təl-Əviv “qırmızı xətti” keçsə, İsrailin mərkəzinə raket zərbələri endiriləcək. Bunu “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah deyib. 

O, açıqlamasında İsrailin hansı addımlarının “qırmızı xətt” həddi olduğunu deməyib, amma bildirib ki, Qolan yüksəkliklərində olan İsrail mövqelərinə endirilən zərbələr rəsmi Təl-Əvivə xəbərdarlıqdır. 

Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsi Qəzza zolağında qarşıdurmaların kəskinləşməsi ilə nəticələnib.

Fələstinli journalist Mutasim Tafeş Real TV ilə canlı bağlantıda Qəzza zolağı və Qüdsdə baş verən son hadisələr barədə son məlumatları verib.

“Vəziyyət çox gərgindir və getdikcə daha da gərginləşir. Qəzzada qarşıdurmalar indi də davam edir. Ölənlərin sayı saatbasaat artır. Ölənlər arasında azyaşlılar da var. İki mindən çox yaralı var. Yaralılardan bəzilərinin vəziyyəti çox ağırdı. Qəzza şəhərində və ətraf şəhərlərdə etiraz aksiyaları keçirilir. Aksiyalara 50 mindən çox fələstinli qatılıb. Aksiya iştirakçıları İsrail əsgərlərinə yandırıcı maddələr, daşlar atırlar. İsraillilər isə cavabında aksiya iştirakçılarına odlu silahdan atəş açırlar”, - deyə fələstinli journalist bildirib. 

İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada isə İordan çayının qərb sahilinə yeridilib.

İsrail hərbi hava qüvvələri gün ərzində Qəzzada qayıdış düşərgəsini də hədəfə alıb. 

Xatırladaq ki, mart ayının sonlarından Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurmalar başlayıb. Fələstinlilər “Böyük qayıdış hərəkatı”na start veriblər.

Donald Trampın bir müddət əvvəl Qüdsü İsrailin paytaxtı elan etməsi, fələstinli rəsmilərin sözlərinə görə, Yaxın Şərqdə ABŞ-ın sülh vasitəçisi kimi etibarını sarsıdıb.

Onu da bildirək ki, səfirliyin məhz 14 may tarixində Qüdsə köçürülməsinin rəmzi mənası var. Fələstinlilər bu tarixdən bir gün sonranı, 15 mayı Nekbe (Böyük fəlakət) adlandırır.

Belə ki, İsrail 1948-ci il mayın 14-də Fələstin torpaqlarında müstəqilliyini elan etdikdən sonra fələstinlilər köç edib. Ona görə də fələstinlilər 15 may tarixini Nekbe adlandırır.

Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar