Ən çox izlənən videolar

Pətəyin arzuları (VİDEO)

Heydər Əliyevin 95 illiyi ilə əlaqədar Şəki şəhərində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Pətək Dinçöz Şəkini çox bəyəndiyini, burada ev tikdirmək istədiyini deyib.

Yerli telekanallardan birinə müsahibəsində müğənni bildirib ki, torpaq sahəsini isə ona Şəki şəhərinin icra başçısı hədiyyə edəcək:

“Bunun muştuluğunu verim. Icra başçımız torpaq vermək sözünü verdi. Tezliklə ev tikdirəcəm. Artıq icra başçımız sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacağam. Yayda bura gələcəyəm”.

Məsələyə münasibət öyrənmək üçün Şəki şəhər Icra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısı Elxan Usubov Real TV-yə bildirdi ki, yayılan məlumatlar yalandır:

“Pətək xanım sosial şəbəkələrdə elan edib ki, kimsə buna torpaq hədiyyə etmək istəyir. Bunun sözsüz ki, Şəki ilə bir bağlılığı yoxdur. Biz bunu tədbirə dəvət eləmişik. Tədbir bitəndən sonra təşəkkürümüzü çatdırdıq və bununla da xudahafizləşdik. Bu hardan bunu götürüb, bu fikir buna necə gəlib, heç bir əsası yoxdur. Ümumiyyətlə bu insanı heç tanımırıq. İkinci də bələdiyyəyə aid məsələlərdir. Şəki şəhər icra hakimiyyətinin torpaqla əlaqəsi yoxdur”.

Elxan Usubov deyir ki, belə bir məsələ olsaydı, rəsmi olardı. Bundan başqa xarici vətəndaşın burada torpaq alması mümkün deyil. 

Konsertin təşkilatçılarından biri olan “Sultansoy” prodakşının baş direktoru Pərviz Sultansoy da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyir:

“Pətək xanım 9 may tarixində Şəki konsertində çıxış elədi. Çox yüksək səviyyədə qarşılanma oldu. Konsert də çox yüksək səviyyədə keçirildi. Sadəcə olaraq Pətək Dinçöz ilk dəfə Şəki şəhərinə gəlmişdi. Onun çox xoşuna gəldi. Dağlıq əraziləri, kəndləri və bir çox yerləri gəzdilər. Və Pətək xanım da bildirdi ki, mən Şəki şəhərindən torpaq alacam və inşallah burada ev tikdirəcək. Daha sonra müxtəlif söz söhbətlər çıxdı. Bunların hamısı əsassızdır və bütün ölkə gündəmi də bunu bilir”. 

Qeyd edək ki, mayın 9-da Heydər Əliyevin 95 illiyi ilə bağlı Şəki şəhərində təşkil olunan konsert proqramına türkiyəli müğənni Pətək Dinçöz dəvət olunmuşdu. Konsert Şəki şəhər icra hakimiyyəti, ARB Şəki telekanalı və “Sultansoy Production”un təşkilatçılığı ilə baş tutub.

Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar