Ən çox izlənən videolar

ABŞ-İRAN GƏRGİNLİYİ (VİDEO)

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı İranla bağlı verdiyi vədə əməl etdi və ABŞ-ın 2015-ci il iyulun 15-də İranla "altılıq" ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxdı.

Ağ evin sahibi nüvə razılaşmasından çıxarkən bildirib ki, “ABŞ nüvə şantajının girovuna çevrilməyəcək. İran dünyada terrorçuluğun əsas himayədarıdır. Saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb. İndi bizdə İranın vədinin yalan olması barədə əsaslı sənədlər var”. Tramp, İrana qarşı daha güclü sanksiyalar tətbiq edəcəyini də bildirib: “Bu sanksiyalar İranın pis niyyətli fəaliyyətinə yardım göstərənlərin hamısına qarşı tətbiq olunacaq”.
Bu arada, Ağ evin rəsmi nümayəndəsi Sara Sanders İrana qarşı yeni sanksiyaların artıq gələn həftə tətbiq ediləcəyini açıqlayıb. Ağ ev də ABŞ-ın İrana qarşı tələblərinin siyahısını dərc edib: “İran heç vaxt nüvə silahının istehsalı ilə məşğul olmamalı, qitələrarası ballistik və nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməlidir, həmçinin raket texnologiyalarının digər ölkələrə ötürülməsini dayandırmalıdır”. Bəyanatda vurğulanıb ki, İran “Hizbullah”, “Həmas”, “Taliban”, “Əl-Qaidə” kimi terrorçu, ekstremist qruplaşmaları dəstəkləməyə, İsraili yer üzündən siləcəyi kimi bəyanatlar verməyə son qoymalı, Körfəz və Qırmızı dənizdə hərəkəti dayandıracağına dair təhdidlərdən əl çəkməli, Yəməndəki münaqişəni qızışdırmamalı, qiyamçı husiləri silah-sursatla təmin etməməlidir. Bundan başqa Ağ ev tələb edir ki, Tehran hakimiyyəti ABŞ və İsrailin da yer aldığı müttəfiqlərinə qarşı kiberhücumlara son qoymalı, insan hüquqlarının kobud şəkildə pozulması hallarına bir daha yol verməməli, ABŞ vətəndaşları da daxil olmaqla əcnəbilərin qanunsuz həbsdə saxlanılmasına son qoymalıdır.

Donald Trampın bu qərarına ABŞ-ın “altılıq”dakı müttəfiqləri də münasibət bildiriblər. Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makronun imzaladığı birgə bəyanatda tərəflər ABŞ-ın bu qərarını narahatlıqla qarşıladıqlarını bildiriblər. Onlar müqaviləyə sadiq qaldıqlarını və bunun ümumi təhlükəsizlik üçün vacib olduğunu vurğulayıblar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sazişi 12 illik diplomatiyanın məhsulu və ən böyük uğuru adlandırıb. ABŞ düşünür ki, sanksiyalar İranı nüvə çalışmalarından yayındıracaq. Politoloqlar isə bunun əks effektlə nəticələnə biləcəyindən çəkinirlər:

ELXAN ŞAHİNOĞLU-POLİTOLOQ-Düşünürəm ki, ABŞ və İsrailin İrana qarşı təzyiqi artsa, İran yenidən nüvə çalışmalarını davam etdirə bilər.
ABŞ və israilin ikinci məqsədi də var. Bu haqda çox da danışılmır. Bu sanksiyalarla, düşünürəm ki, İranda daxili vəziyyəti gərginləşirməyə çalışırlar. Onsuz da iran daxilində zaman-zaman gərginliklər yaşanır. İnsanlar küçələrə çıxıb müəyyən siyasi, sosial şüarlar səsləndirirlər. Ola bilsin ki, abş və israilin əlində elə kəşfiyyat məlumatları var ki, onlar daxili vəziyyəti gərginləşdirib hakimiyyəti dəyişə biləcəklərini düşünürlər. Amma bu siyasət çox təhlükəlidi. İran nə Suriyadı, nə Liviyadı. Burda gərginlik yaratmaq bütün avrasiyada çox böyük partlayışa səbəb ola bilər. Humanitar faciələrə səbəb ola bilər ki, bu heç Azərbaycanın da maraqlarına uyğun deyil.

ABŞ-İRAN GƏRGİNLİYİ
ABŞ-İRAN GƏRGİNLİYİ NEFTİN QİYMƏTİNƏ CİDDİ TƏSİR ETMƏYƏCƏK


ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi dünya iqtisadiyyatına, xüsusilə də neft bazarına təsirsiz ötüşməyəcək. Amma ekspertlər düşünür ki, bu gərginlik neft bazarında ciddi təlatümə səbəb olmayacaq, müəyyən korreksiya ola bilər ki, biz onu hazırda müşahidə edirik.

ELŞAD MƏMMƏDOV-UNEC-İN PROFESSORU-Çünki dünyada neft qiymətləri konyekturasına əsas təsir hal hazırki və yaxım müddətdəki perspektivdə ilk növbədə ABŞ-da şist inqilabı deyilən proseslə, yəni şist texnologiyalarına əsaslanan neft hasilatının artımı ilə bağlıdı. İkinci həlledici amil isə opek plus razılaşmasıdır. Hansıki bu razılaşma nəticəsində neft bazarında ciddi stabilliyə nail olunub. Bu razılaşmanın uzadılıb-uzadılmaması da neft qiymətləri bazarında ABŞ-da şist inqilabı ilə yanaşı həlledici təsirə malikdi. O ki qaldı abş və iran arasında münasibətlərin gərginləşməsinə İranın əsas ticarət tərəfdaşları avropa birliyi ölkələridi. Avropa birliyi ölkələri çox ehtiyatla yanaşır ABŞ-ın İrana qarşı bu aqressiv siyasətinə. İranın dünyada neft təklifi nöqteyi nəzərindən xüsusi çəkisi cəmi 4 faiz təşkil edir. Və düşünmürəm ki, bu neft qiymətləri bazarında ciddi təlatümə səbəb olacaq. Bu gün neft bazarında təklif kifayət qədər çoxdu. Və bazarda neftə olan təklif tələbatı üstələyir.



Elşad Məmmədov deyir ki, hazırda 78-80 dollar arasında olan neftin qiyməti yaxın müddətli perspektivdə bir qədər bahalaşaraq 80 dolları keçə bilər, amma qiymətin 100 dollara çatması və onu keçməsi hazırki iqtisadi vəziyyətdə proqnozlaşdırılmır.

 

Bu kateqoriyadan digər videolar
Digər videolar