Ən çox izlənən videolar

RUSİYA ERMƏNİ XİYARINDAN İMTİNA EDİR (VİDEO)

Rusiya Ermənistan xiyarından imtina edə bilər. Yox, təəccüblənməyə tələsməyin. Söhbət Paşinyandan getmir. Deyirlər, bu ölkədən Rus bazarına gətirilən pomidor və xiyarlar sanitar standartlara cavab vermir. Siyasi münasibətlərdə olduğu kimi, bu ölkədə Azərbaycanın pomidoru və əlalxüsus xiyarı daha populyardı. Ermənistandan fərqli olaraq biz demirik ki, “xiyardı”- istəsən də, istəməsən də budur”. Biz, məhsulumuzu böyük zövqlə paketləyib rus babulyasına elə təqdim etmişik ki, cavanlığında olduğu kimi yenə də bizi sevir…

Xülasə, bu məsələnin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verməsi, nəyinsə baş verməsi kimi dəyərləndirilir. Amma yaddan çıxardırıq ki, bu iki ölkənin münasibətləri tamam başqa mətləblərin üzərində qurulub və dünyanın heç bir xiyarı bu ilişkini poza bilməz. Ta o vaxtacan ki, Rusiya öz forpostundan bezəcək… 

Paşinyan meydana, eyni zamanda İrəvan meydanlarına çıxanda, elə bizim mediamızda da belə fikirlər səsləndi ki, Ermənistan Rusiyanın əlindən çıxır. Əslində buna, Rusiyanın hadisələri çox sakit şəkildə izləməsi daha çox səbəb olmuşdu. Ancaq hadisələrin sonrakı gedişində, Paşinyanın yeri gəldi-gəlmədi “bizim Rusiya ilə bağlı siyasətimiz dəyişməyəcək” , “Rusiya bizim ən yaxın müttəfiqimizdir” kimi bəyanatları, Ermənistanda bundan sonra da Moskva vaxtının hökm sürəcəyinə ciddi bir mesaj idi. Sonradan məlum olacaqdı ki, Serj də istefasının son dəqiqəsinə kimi Moskvanın ətəyindən yapışıbmış. Yəni gələnin də, gedənin də yolu Rusiyadan keçir… 

Yeri gəlmişkən, Gürcüstan beynəlxalq tərəfdaşlarının yardımı ilə Rusiya ilə dialoqu yeniləmək niyyətindədir. Bunu Gürcü Arzusu Partiyasının qurultayında çıxışı zamanı partiyanın yeni sədri Bidzina İvanişvili deyib. “Biz Rusiya ilə münasibətlərdə qismən deeskalasiyanı bacardıq. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımız vasitəsilə dialoq rejiminə keçməyimiz mümkün olacaq”. Bunu, guya NATO-ya inteqrasiya edən və guya Abxaziya və Osetiyaya görə Moskvadan qəlbi sınmış bir ölkənin de-fakto birinci şəxsi deyir. Deməli, Rusiya heç də Gürcüstan və Ermənistanı kiməsə bağışlamaq niyyətində deyil. Sadəcə, Rəsmi Moskvanın oyun qaydaları dəyişir. Ona indiki halda növbəti Suriya bataqlığı lazım deyil. Və ya Rusiya fərdləri yox, ölkələri Qərbin içinə salmaqla, uzaq mənzilli hədəflərinə ümid edir. Paşinyanın da bu baxımdan Qərbin adamı kimi təqdim edilməsi bu qaydaların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Gürcüstan hakimiyyətini kölgədən idarə edən İvanişvilinin açıq şəkildə siyasətə qayıdacağı gözlənilirdi. Çünki ortada, hündür, sərvi boylu siyasi çəkili və bütün kartları çoxdan açılmış Qərbli-gürcü Saakaşvili kimi anti-rus əhvalına köklənmiş biri var. Bidzinanın payızda keçiriləcək seçkilərə görə Saakaşvilinin aktivləşməsindən narahat olaraq geri qayıdacağı bu baxımdan başa düşüləndi və bu xüsusda Rusiya faktoru qətiyyən unudulmamlıdır. Yeri gəlmişkən, Rusiya bazarında Zirə pomidorunun bir kiloqramının qiyməti bizim pulla 30 manatdan çoxdur, xiyarımızda ki, öz yerində…

 

Bu kateqoriyadan digər videolar
Digər videolar