Ən çox izlənən videolar

Satın alınan ölüm (VİDEO)

Avstraliyanın ən yaşlı alimi Devid Qudell həyatının 104-cü ilində İsveçrədə evtanaziya ilə həyatına son verib. Qudell ölümü gözləməkdən yorulduğunu və insanın ölüm vaxtını seçməkdə sərbəst olmasının zəruriliyini bildirib: "Son 6 ildir kor olmuşam, artıq həyatımı davam etdirmək istəmirəm və onu başa vurmaq şansım olduğuna görə də xoşbəxtəm".

Avstraliyada insanın ölümcül xəstəlikdən əziyyət çəkməsi halı istisna olmaqla, evtanaziya proseduru qadağandır. Bu səbəbdən könüllülər D.Qudellin İsveçrəyə gedib evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıblar.

Qudell Son 20 ildə Avstraliyada evtanaziyanın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparıb.

Maraqlıdır deyilmi?

İnsan ölmək üçün mübarizə aparır. Bir az qəribə səslənsə də bu prosedur dünyanın bəzi inkişaf etmiş ölkələrində çox sadə qanuni tibbi prosedurdur. Adı da evtanaziya.

Bu sözü ilk dəfə XVII əsrdə Beykon işlədib. Mənası isə yunancadan tərcümədə "yüngül ölüm" deməkdir. XIX əsrdə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşımağa başladı.

Əslində isə evtanaziya ideyası ta Hippokrat dövründən yaranıb. Həmin vaxtlarda "Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm”-deyən həkimlər son vaxtlar bu təcrübəyə əl atmağı həkim etikasına zidd hesab etmir. Təbii ki, burda söhbət müəyyən ölkələrdən gedir. Harda ki, evtanaziyaya rəsmi olaraq qanunla icazə verilir.

Bu ölkələrin başında Hollandiya gəlir. Sözün əsl mənasında öz ölümünə qol çəkmək ilk olaraq bu ölkədə rəsmiləşdirilib.

Evtanaziya — tibbi ədəbiyyatda sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi kimi qeyd edilir.

Maraqlıdır ki, bu təcrübə ilə bağlı axtarış edəndə qarşımıza bir ad çıxır: Cek Qevorkyan. Hə, milliyyətcə ermənidir.

ABŞ-da "ölüm həkimi" ləqəbini qazanmış bu “həkim” evtanaziya yolu ilə 130 adamı necə deyərlər "o dünyalıq" edib.

"Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm"-deyə Qevorkyan qəzetdə elan veribmiş. Sonradan araşdırmaçılar həkimin evtanaziya yolu ilə öldürdüyü insanların dörddə birinin heç də sağalmaz xəstəliklərdən əziyyət çəkmədiyini müəyyənləşdirdi.

Qevorkyan xəstəliklərindən məyusluğa düçar olmuş insanların dərdinə əlac tapmaq əvəzinə onları, sadəcə, öldürürmüş. Uzun sürən məhkəmə prosesi C.Qevorkyanın 25 il azadlıqdan məhrum olunmasıyla yekunlaşıb.

Amma evtanaziya ilə bağlı fikir mübadiləsi, mübahisələr yekunlaşmır ki, yekunlaşmır.

Bəziləri insanın yaşamaq hüququ olduğu kimi ölmək hüququnun da olması fikrini müdafiə edir. Digərləri isə bunun dini dəyərlərə, həkim etikasına zidd olduğunu deyir.
Azərbaycanda da bununla bağlı fikir müxtəlifliyi var. Lakin kimin nə deməsindən asılı olmayaraq, hər yerdə olduğu kimi, burda da son sözü qanun deyir.

Qanunların evtanaziya haqqında nə dediyini isə Hüquqşünas Nicat Gözəlov şərh etdi. Onun sözlərinə görə evtanaziyanın qəsdən adam öldürmədən fərqi cinayət məcəlləsinin 135-ci maddəsi ilə tövsif olunur. Nicat Gözəlov   təcrübəsində evtanaziya ilə bağlı faktla qarşılaşmadığını bildirdi.

“Satın alınan ölüm” haqqında suallarımızı Milli Məclisin ixtisasca həkim olan üzvü Musa Urud cavablandırdı. Millət vəkilinin sözlərinə görə bu tibbi prosedur Azərbaycan xalqının dəyərləri ilə uzlaşmır. 

Musa Urudun sözlərinə görə evtanaziya ilə bağlı Milli Məclisdə hər hansı müzakirənin aparılmasi gözlənilmir. Lakin beyin ölümü baş vermiş xəstələrlə bağlı Parlamentin payız sessiyasında müəyyən müzakirələr aparılacaq. Söhbət orqan köçürülməsi haqqında qanuna əlavə və dəyişikliklərdən gedir.

O ki, qaldi dünya ölkələrinin təcrübəsinə, görünən odur ki, onların əksəriyyətinin bu sahədə təcrübəsi yoxdur. Çünki dünyanın böyük bir hissəsində insanların öz ölümü haqqında qərar verməsinə qanunla icazə verilmir. İstisnanı isə Hollandiya, Belçika, Kolumbiya Luksenburq kimi ölkələr təşkil edir. ABŞ və Kanadanın isə bəzi ştatlarında bu prosedura icazə verilir. Çin və İsveçrə kimi ölkələrdə evtanaziyanı özəl klinikalarda həyata keçirmək mümkündür və xidmət olduqca bahalıdır.


 

Bu kateqoriyadan digər videolar
Digər videolar