Ən çox izlənən videolar

Mir Şahinin vaxtı (VİDEO)

Azərbaycan gücləndikcə ona qarşı təzyiqlərin də miqyası və çəkisi artır. Bu artıq 90-cı illərin Azərbaycanı deyil və böyüməyin də böyük dərdi olur. Azərbaycan son 10-15 ildə dünyanın siyasət və ticarət bazarında öz təklif və tələbləri ilə var. İqtisadi siyasətini, siyasi kursunu öz dövlət maraqlarına uğqunlaşdıran, amma eyni zamanda strateji müttəfiq və tərəfdaşlarının da mənafelərini yolverilən həddə nəzərə alan Azərbaycan artıq elə bir səviyyəyə çatıb ki, tikdiyi bina kiminsə pəncərəsinin qarşısına çatır və pəncərə sahibi və sahibləri narazı qalmağa, deyinməyə, hərəkətə keçməyə başlayıb. Kommunal məntiqlə yanaşsaq belədir.

Amma burda daha dərin və mürəkkəb məntiq variantları var. Məsələn, Avropa başqa tərəfdən quyruq əsdirsə də, əslində Azərbaycanla dost və müttəfiq olmağa məhkumdur. Ona görə ki, qitənin Rusiyadan böyük hesabla qaz asılılığı var və bu asılılıq artıq Avropanın müstəqilliyinə təhdiddir. Bütün nəhəng əngəllərə baxmayaraq Əliyev-Ərdoğan tandemi TANAP-ı işə salmağı bacardı. Əslində son onilliyin ən böyük layihəsi olan bu proje reallaşdıqca həm Ankara, həm Bakı açıq-gizli hədə qorxularla, təhdidlərlə üz-üzə idi.  Heç nəyə baxmayaraq layihəyə start verildi. İrəlidə isə layihənin Azərbaycan qazının Türkiyədən keçərək Avropaya çıxmasını reallaşdıracaq bir TAP hissəsi də var ki, onun da işə düşməsi 2019-cu ilə nəzərdə tututlur. Bu isə Avropaya həyat yoludur.

Bilirsiniz ki, hər hansı meqalayihə sadəcə qırmızı lent kəsmək, sükan fırlatmaq kimi sırf formal mənzərə fraqmentlərindən ibarət deyil. İstər Azərbaycan, istərsə də Türkiyə öz məqsədləri yolunda fantastik təzyiq və basqıları dəf etməli olur. İlk baxışda sadə, hətta avamvari suallar yaranır. Burda nə var axı, Azərbaycan  istehsalçıdır, Avropa da istehlakçı, qaz ağacı qoz ağacı, mini istər biri alar və s. Amma dünyada elə dövlətlər var ki, onlar pul vermək istəmirlər, nefti, qazı müftə almaq üçün onu satan dövlətin özünü almaq istəyirlər. Bir sıra hallarda alırlar da. Məsələn İraq, məsələn Liviya, məsələn Əfqanıstan, məsələn demək olar ki Suriya… Azərbaycan isə onlardan olmaq istəmir! Müstəqil dövlət bəxtəvərliyinin qədrini bilir, onu qoruyur, tam sahiblik hüququ ilə ona məxsus olan sərvəti normal bazar qaydalarına uyğun olaraq piştaxtaya çıxarır. Rəqiblərindən daha əlverişli qiymətə, əvəzində kimisə özündən asılı etmək istəmədən. Köhnə satıcılar isə bu yeni satıcının dünya qaydalarına ədalətli,  müəyyən mənada hətta bir az idealist baxışından qıcıqlanır və onu buradan sıxışdırıb çıxarmaq, öz ənənəvi sahman qaydalarını bərqərar etmək üçün çalışırlar. Neft-qazla belə, iqtisadiyyatın başqa sahələri ilə belə, ordu ilə belə.

Zəngin təbii sərvətlər Azərbaycanı dadlı ov potensialına çevirir. Ona görə də ordusunu gücləndirir, silahlı qüvvələrin kəmiyyət və keyfiyyətini  artırır. Yəni Azərbaycanın regionun ən güclü orduya malik olması sadəcə birinci olmaq istəyi, sadəcə forsdan irəli gəlmir. Azərbaycanın ordusu ona görə daha güclü olmalıdır ki, onun qorumalı olduğu daha qiymətli, ona göz dikən acgöz rəqiblər daha çoxdur. Oturuşmuş regional qaydaları fonunda yeni bir dövlət-güc vahidi meydana çıxır və var gücüylə bağırır ki, mən də varam, mənim də həqiqətim var!  Və bütün bunlar ona görə edilir ki, Azərbaycanın gücü həm də bir haqq olaraq tanınsın. Tanınsın ki, Qarabağı qaytara bilsin. Rəqib dövlətlər, qeyri dost dövlətlər, qardaş olmayan ölkələr, onların qurduğu müxtəlif adlı beynəlxalq təşkilatlar isə diqqəti əsas məsələdən, Azərbaycanın ərazi bütövlüyündən insan haqq və azadlıqları, söz və fikir azadlıqları kimi demoqik ibarələr və ifadələrlə  yayındırmağa çalışırlar. Son illərin təcrübəsi göstərir ki, böyük güclər əslində diktatorlar, avtoritar rejimlərlə deyil, nüfuzlu, güclü, kənardan idarəolunmaz liderlərlə mübarizə aparır, bu və ya digər ölkənin qanuni hakimiyyətini devrir və vəd olunmuş demokratiya, ümidli bu gün və bəxtəvər gələcək yerinə xarabalıqlar qalır. Sülh göyərçini gözləyən vətəndaşın taleyinə bayquşlar qonur.

Hakimiyyətlə dövlətin tam qovuşduğu ölkələrdə isə kütlə hakimiyyəti devirdiyinə sevinir və elə o saat da başa düşür ki, hakimiyyətlə bərabər dövləti də devirib… Sonra da Aralıq dənizinin üzü Avropaya qayıqlarında, bərələrində, gəmilərin zirzəmilərində başına döyə döyə qalır… Hətta Avropa dövlətləri qanun qəbul edir ki, dənizdə batan miqrantlara kömək etmək qadağandır. Və bu həmin o Avropa ölkələrdir ki, bir il əvvəl ərəb inqilablarının səhra cəhənnəmini körükləyir, Məhəmməd peyğəmbərin böyük əziyyətlə bəndəyə çevirdiyi məxluqları yenidən asiyə, qiyamçıya döndərirdi… İndi ərəblər dağdan enən hər kəsə növbəti Məhəmməd gözüylə baxır. Amnma təəssüf. Məhəmməd sonuncu peyğəmbər idi. Yenisi olmayacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar