Rusiya və Avstriya arasında casus qalmaqalı böyüyür

Rusiya və Avstriya arasında casus qalmaqalı böyüyür
Polkovnikin adı hələlik açıqlanmır

Avstriyada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən təqaüddə olan zabit saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Zabit uzun illər boyu Rusiya xüsusi xidmət orqanlarını Avstriyanın hərbi potensial və strukturları barədə məlumatlarla təmin etməkdə ittiham olunur. Avstriyanın federal kansleri Sebastian Kurts və müdafiə naziri Mario Kunasek birgə mətbuat konfransında mediada dolaşan xəbəri təsdiqləyiblər. S.Kurts bildirib ki, məsələ hələ şübhə səviyyəsində olmasına baxmayaraq, belə bir şübhənin mövcudluğu diplomatik münasibətlərə təsir edəcək.

Verilən məlumatlara görə, mətbuatda adı çəkilməyən zabit ötən əsrin 90-cı illərindən 2018-ci ilədək Rusiya üçün casusluq fəaliyyəti göstərib. S.Kurts Rusiya tərəfindən bu məsələ ilə bağlı şəffaf informasiya verilməsini gözlədiklərini ifadə edib. Şübhələr təsdiqlənəcəyi təqdirdə, yetmiş yaşlı təqaüdçü zabit 10 ilədək həbs cəzasına məhkum edilə bilər.

Diplomatik soyuqluq üçün isə artıq ilkin addımlar atılıb. Avstriyanın xarici işlər naziri Karin Knayslın dekabrın əvvəlində Moskvaya nəzərdə tutulan səfəri artıq ləğv edilib və Rusiya səfirliyinin müvəqqəti işlər vəkili İqor Nikitin casusluq məsələsi ilə bağlı Avstriya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriya tərəfini məsələ ilə bağlı Moskvaya birbaşa müraciət etmək əvəzinə, “meqafon diplomatiyası“ yürütməkdə ittiham edib.

Avstriyanın gündəlik “Krone” qəzeti isə beş il bundan əvvəl təqaüdə çıxan və hazırda Cinayət Məcəlləsinin dövlət əhəmiyyətli sirlərin yayılması və başqa ölkəyə hərbi əhəmiyyətli məlumatların ötürülməsi maddələri ilə ittiham olunan keçmiş hərbçinin göstərdiyi casusluq fəaliyyətinə görə ümumilikdə 300 min avro pul aldığını yazıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə