Bakı küçələrində xaos (VİDEO)

Bakı küçələrində xaos (VİDEO)
DYP-nın səlahiyyətlərinin yeni icraçısı BNA da şikayətlənir, tıxaclarda qalanlar da

Səhər işə, axşam evə tıxacda getmək Bakı üçün adi hala çevrilib. Artıq bu mənzərə heç kimi təəccübləndirmir.

Bir də səhər və axşam avtobuslarda sallaşa-sallaşa getmək var. Avtobus nəqliyyatında sıxlığın səbəbi avtobus çatışmazlığıdır. 

Sərnişinlərin gur olduğu saatlarda avtobusların sayının azlığı bayaq gördüyümüz mənzərəyə səbəb olur.

Avtobusların sükanı arxasına keçən sürücülərlə bağlı problemlərlə isə demək olar ki, hər gün rastlaşırıq.

Bu problemlər o qədər çox və böyükdür ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev də onlar barədə danışmalı oldu.

Bakıda sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni 2015-ci ildə yaradılan Bakı Nəqliyyat Agentliyi həyata keçirir. Hazırda paytaxtda 41 daşıyıcı fəaliyyət göstərir və onların sərəncamında 1094 avtobus var. 

Tıxaclara gəlincə, müşahidələr onu göstərir ki, onlar avtomobillərin düzgün park edilməməsi, dayanma-durma qaydalarının kütləvi şəkildə pozulması üzündən yaranır.

Bu ilin iyulunadək dayanma-durma qaydalarının pozulmasına qarşı mübarizəni Dövlət Yol Polisi aparırdı. İyulun 6-da prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla bu səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verildi.

Fərmandan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hazırda Bakı yollarında əsl xaos hökm sürür. Avtomobillərini harada gəldi saxlayan, qadağan olunmuş yerlərdə park edən sürücülərə qarşı faktiki olaraq mübarizə aparılmır. Bu mübarizəni aparmalı olan Bakı Nəqliyyat Agentliyi də bizim kimi şikayətlənir:

Agentliyin sözçüsü dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücülərə qarşı mübarizə apardığını bildirsə də, hələlik ortada heç bir statistik məlumat yoxdur.

Bakı Nəqliyyat Agentliyindən onu dedilər ki, Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır və məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır. Bu sistemin nə vaxt ərsəyə gələcəyi isə hələ məlum deyil. Odur ki, tıxaclardan, küçələrdəki xaosdan tezliklə xilas ola biləcəyimizi düşünmək üçün nikbinliyə hələ ki, əsasımız yoxdur.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə