Transxəzər Marşrutu üzrə yüklərin daşınması ilə bağlı qərar

Transxəzər Marşrutu üzrə yüklərin daşınması ilə bağlı qərar

Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

REAL xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasa sədrlik edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər və siravi heyətini 160 illik yubiley münasibəti ilə təbrik edib. Qocaman şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

İclasda 2018-ci ilin doqquz ayında TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi müzakirə olunub, marşrut üzrə yüklərin daşınması zamanı xidmətlərin göstərilməsinə sərf edilən müddət təsdiqlənib.

Eyni zamanda, iclasda marşrut üzrə yüklərin çatdırılması müddəti ilə bağlı daşıyıcılar və operatorlar arasında qarşılıqlı məsuliyyətin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tarif dərəcələri üzrə məlumatın assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.

İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Rumıniyanın “Grampet Group” və Qazaxıstanın “İstkomtrans” şirkətləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.

Bundan başqa, Gürcüstan dəniz limanları vasitəsilə daşınan Qazaxıstan taxıl yükünün zəmanətli həcmlərinə yenidən baxılıb.

Həmçinin, iclasda konsorsium tərəfindən ümumi yığıncağın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə