Öldürüldüyü deyilən jurnalistə görə Türkiyə və Səudiyyə arasında gərginlik

Öldürüldüyü deyilən jurnalistə görə Türkiyə və Səudiyyə arasında gərginlik
ABŞ vətəndaşı olan Kaşıkçıdan neçə gündür xəbər yoxdur

Bir neçə gündür itkin düşdüyü, bəzi KİV-lərin məlumatlarına görə isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü deyilən “Washington Post” qəzetinin əməkdaşı Cemal Kaşıkçıya görə Ankara və Ər-Riyad arasında gərginlik artır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün növbəti dəfə Cemal Kaşıkçının yoxa çıxmasına görə Səudiyyə Ərəbistanı ittiham edib.

O bildirib ki, C.Kaşıkçı sonuncu dəfə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda olub.

“Ona görə də bizim bu məsələni diqqətdə saxlamağımız həm vicdani, həm də siyasi borcumuzdur. Həmin gün Kaşıkçının nişanlısını içəri buraxmayıblar. Bu adamın içəri girəndən çıxana qədər təhlükəsizliyə görə konsulluq məsuliyyət daşıyır. Orada kamerlar var, görüntüləri verib isbat etsinlər”, - Ərdoğan bildirib.

Türkiyənin hüquq-mühafizə orqanlarının əllərində hələlik sübut və dəllillərin olmadığını deyən prezident qeyd edib ki, bütün aidiyyatı qurumlar səfərbər olub.

“Hədəfimiz bir nəticəyə varmaqdır. Mediada çox fərqli xəbərlər yayılır. Bunlar bizi narahat edir. Səudiyyə Ərəbistanının Baş Konsulluğu “buradan çıxıb” deməklə özlərini xilas edə bilməzlər. Bunu isbatlamalıdırlar”, - Ərdoğan deyib.

Oktyabrın 7-də “Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı İstanbulda itkin düşüb. Jurnalist şəxsi həyatına aid sənədlər əldə etmək məqsədilə oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olub və oradan çıxmayıb

Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Valid bin-Əbdülkərim əl-Khereiji ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatdan Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan jurnalistlə bağlı konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub.

Türkiyə-Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin sədri Turan Kışlakçı isə həmkarının Baş Konsulluqda öldürüldüyünü bəyan edib.

“Cemalın meyiti 15 hissəyə ayrılıb və qətlin izinin itirilməsi üçün naməlum yerə atılıb. Belə vəhşilik olmayıb. Jurnalisti öldürən şəxslər iki ölkədən təyyarə ilə Türkiyəyə gətiriliblər”, - Turan Kışlakçı bildirib.

“Report” isə xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud isə deyib ki, ölkəsi C.Kaşıkçı ilə bağlı heç nəyi gizlətmir: “Gizlədiləcək bir şey yoxdur. İstəsələr konsulluqda axtarış apara bilərlər”.

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Muhammad əl-Otaibi konsulluğun 6 mərtəbəli binasını “Reuters”in müxbirlərinə gəzdirib. O, Cemal Kaşıqçının binada olmadığını onlara göstərmək istədiyini bildirib: "Səfirlik onun tapılması istiqamətində fəaliyyət göstərir“.

Onun sözlərinə görə, konsulluğun binasında kameralar olsa da, çəkiliş aparılmır: “Bu səbəbdən də görüntülər tapılmayıb”.

Konsul Muhammad əl-Otaibi jurnalist C.Kaşıkçının öldürülməsini şayiə adlandırıb.

Xatırladaq ki, C.Kaşıkçının ailə üzvlərinin çoxu ABŞ vətəndaşıdır. Özü də ABŞ vətəndaşlığı almaq üçün bəzi mərhələləri keçibmiş.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə