Özəlləşdirmə - Beynəlxalq Bankın xilası (VİDEO)

Özəlləşdirmə - Beynəlxalq Bankın xilası (VİDEO)
Dövləti böyük xərcə salan bankın özəlləşdirilməsi prosesi sürətləndirilir

Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi prosesini sürətləndirir. Uzun müddətdir müzakirə olunan bu məsələnin bu il reallaşacağı gözlənilir. Bir neçə gün əvvəl baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.

Maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var: “Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

Ekspertlər Beynəlxalq Bankın özəlləşdirilməsini vacib sayır. İqtisadçı Vüqar Bayramov hesab edir ki, Beynəlxalq Bankın özəlləşdirilməsi dövləti əlavə xərclərdən azad edəcək.

Beynəlxalq Bank 40-dan çox şəhərdə 36 filiala və 38 şöbəyə malikdir. Bank maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır.

Bankın ən çətin günləri hazırda həbsdə olan Cahangir Hacıyevin rəhbərliyi dövrünə təsadüf edir. Rəsmi məlumata görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib. Cahangir Hacıyev qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da bir sıra cinayətlərdə ittiham olunur və ölkəni tərk etdiyindən barəsində axtarış elan edilib. 

Burada bir haşiyəyə çıxaq. Zamirə Hacıyevanı 2005-ci ildə bütün ölkə tanıdı. O, 2005-ci ildə getdiyi qadın salonundan çıxarkən oğurlandı. Onu Keşlədə, Adam oğurluğunda, ondan çox qətldə adı hallanmış və ömürlük həbs cəzasına məhkum edilmiş DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar və Cahangir Hacıyevdən xanımının azadlığa buraxılması üçün külli miqdarda pul istənilib. Məhz bu hadisədən sonra o vaxtkı MTN "Qara kəmər" adı altında xüsusi əməliyyat keçirərək Hacı Məmmədovu və onunla bərabər 20-dən çox adamı həbs etdi.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə