Mir Şahinin vaxtı (VİDEO, 26.08.2018)

Mir Şahinin vaxtı (VİDEO, 26.08.2018)

Almaniyanın Federal Kansleri Merkelin Azərbaycana səfərindən başlayaq. Angela xanım Azərbaycana Gürcüstan və Ermənistandan sonra gəlmişdi. Səfər ərəfəsində isə həm də Rusiyanın Prezidenti Vladimir Putinlə Almaniyada görüşmüşdü. Əslində Putin-Merkel danışıqları Azərbaycana daha maraqlı idi və elə buna görə də Merkelin Tiflisdə, deyək Tiflis, amma yadımızda saxlayaq ki, Abxaziyası və Cənubi Osetiyasını, məhz Rusiyanın əlindən aldığı Tiflisdə, tələbələrlə görüşdə Rusiyanı Avropanın əsas qaz tərəfdaşı kimi bəyan etməsini həssaslıqla izlədik. Burada Kansler açıq dedi ki, Rusiya qazının, deməli həm də Rusiyanın Avropanı qaz asılılığında saxlamasının tərəfindədir. Səbəb kifayət qədər əsaslıdır. Bu barədə adətən danışmırlar. Amma biz danışaq. Merkeli başa düşmək olar. Onun keçmiş həmkarı, Almaniyanın sabiq Kansleri Şroder Rusiyanın “Neftqaz” şirkəti olan açıq səhmdar cəmiyyətinin direktorlar şurasının sədridir. Bu qurumun səhmlər paketinə nəzarət “Rosneftqaz” dövlət səhmdar cəmiyyətinə məxsusdur. 2005-ci ildə prezident Putinin Almaniyaya səfəri zamanı Rusiya və Almaniya arasında Baltik dənizinin dibi ilə Şimali Avropaya qaz kəməri inşası barədə saziş imzalanıb.

“Şimal axını” qazkəməri dünyada ən uzun sualtı qaz ixracı marşrutudur. 1224 kilometr.  Bu layihədə Rusiya, Almaniya, Niderland və Fransda da iştirak edir. Layihənin məqsədi Avropa bazarına qaz tədarükünün artırılması və tranzit ölkələrdən asılılığın azaldılması idi. Tranzit ölkələrdən asılılığın azaldılması, deməli Rusiyadan asılılığın qorunub saxlanması, sazişin imzalanması Rusiya və Almaniya arasında faktiki olaraq siyasi ittifaqın yaradılması demək idi. 2011-ci il, noyabr ayının 8-dən bu kəmərin birinci xəttinə qaz vurulmasına start verildi. 2012-ci ilin 18 aprelində ikinci xətt hazır oldu. Həmin ilin oktyabr ayının 8-də isə hər iki xətlə kommersiya rejimində qaz verilməsinə başlandı. Yəni qaz kəməri işləyir. Qaz vurub qazan doldurur. Beləliklə, buradan belə bir nəticə hasil olur ki, Almaniya bu gün Rusiyanın, Rusiya qazının tərəfində çıxış etdikdə, həm də öz maraqlarını, Rusiya-Almaniya birliyini qoruyur. Hər şey bu qədər sadə. Azərbaycan indiki halda həm də Almaniyanın rəqibi olur. Təvazökarlıq göstərib boynumuza almasaq da. Belə olan halda Merkel neyləməlidir: Əlbəttə, Azərbaycana başqa gözlə baxmalıdır. Yol verilən, yol verilməz bütün üsullardan istifadə edərək bazarda öz ağalığını və ya xanımlığını qorumalıdır. Merkelin Azərbaycana səfərini işıqlandıran kütləvi informasiya vasitələri arasında REAL da var idi. Kanslerin səfərinə fərqli yanaşmalar var və bu baxımdan mən də öz müşahidələrimi bölüşüm. Azərbaycan qonağın nüfuzu və çəkisi qarşısında ərimədi. Azərbaycana gələn alman nümayəndə heyətinin tərkibindəki bir nəfərə, Qarabağda iki dəfə qeyri-qanuni yolla səfərdə olmuş deputata qadağan tətbiq etməklə müstəqil qərar qəbul etmək iqtidarını ortaya qoydu. Bu, öz ərazi bütövlüyünə hörmət və ehtiram tələb edən dövlətin iradəsinin açıq ifadəsi idi. Hətta bəzi ekspertlər indi bax, bax gör nə olacaq deyə çağırdılar. Bax indi Merkel səfəri təxirə salacaq – deyə proqnoz verdilər. Amma Merkel göstərdi ki, bax, bax  deməklə deyil, Bax indiki halda alman bəstəkarın adı ola bilər. Onun da əsərləri Bakıda alman lüteran kilsəsində Nigar xanımın ifasında orqanda səslənir. Kanslerin, “Bizim üçün bu danışıqlar daha önəmlidir!” deməsi, özü də bunu məhz Ermənistana səfəri zamanı alman jurnalistin ona verdiyi suala cavabında etməsi ondan xəbər verir ki, Merkel  özünə hörmət edən dövlətlərə hörmət edir.  Buyurun. “Danışıqlar daha önəmlidir!”. Bir az da dəqiqləşdirək, danışıqlar nədən daha önəmlidir, əlbəttə, deputat Vaylerin Azərbaycana buraxılmamasından!” Əminəm ki, Merkel Azərbaycanda müstəqil bir dövlətin lideri ilə qarşılaşdığını Gürcüstan və Ermənistandakı təmasları ilə müqayisədə daha yaxşı hiss etdi.

Hətta hazırladılmış, hazırlanmış, amma yaxşı hazırlaşmamış müxbirin guya Azərbaycanı ittiham etmək məqsədilə verdiyi qara-qura sual özü belə İlham Əliyevin qonağa hörmətdən irəli gələn nəzakəti hesabına müəllifə böyük ayıb gətirmədi. Prezidentin hazırcavablıq qabiliyyətinə hamımız yaxşı bələdik, amma bu anda İlham Əliyev hazırlanmış sual qarşısında xüsusi hazırcavablıq nümayiş etdirmədi. Əlahəzrətə görə yavərinə yazığı gəldi. Baxmayaraq ki, Azərbaycan dövlətinə yorulmadan azad media vəzzariyyatı oxuyan, çənə azadlığını bədən azadlığının tərkib hissəsi olaraq qeyri-qanuni yollarla hələ videomaqnitofon zamanından dünyaya, o cümlədən Azərbaycana ötürənlərin varisinin səhvini Xədicə İsmayıl çılpaqlığı ilə ifşa etmək olardı. Bir sözlə, Merkel Azərbaycanda ona və adına, daha doğrusu Azərbaycanın və Prezidentin adına layiq qarşılandı da yola salındı da. Merkelin Azərbaycana səfəri bu formaca kiçik, məzmunca böyük respublikanın əhəmiyyətini bir daha nümayiş etdirdi.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə