Mir Şahinin vaxtı (VİDEO, 05.08.2018)

Mir Şahinin vaxtı (VİDEO, 05.08.2018)

İş elə gətirdi ki, bu həftə Azərbaycan mədəniyyətinin oldu. Və təkcə ona görə yox ki, Qəbələdə Beynəlxalq musiqi festivalı başladı, milli kinomuzun 120 yaşı oldu, böyük bəstəkarımız Xəyyam Mirzəzadənin 83 yaşı öldü, iki xanəndəmiz biri-birini, sosial şəbəkələr unikal rep ustası Anar Nağılbazı öldürdü...

Əlbəttə bütün bunlar var. Amma biz bu həftəni həm də böyük mənada mədəniyyətimizin 7 günü tək araşdırmağa çalışacağıq. Ümumi mənada mədəniyyət. Məsələn, Baş nazirin minik avtomobilləri və mobil cihazların qeydiyyata alınması ilə bağlı sərəncamı mövzusunda məmurların susqun mədəniyyəti. Sosial şəbəkələrin süni mayalandıraraq doğurduğu mutant canlıların quduzluğuna qarşı abır-həya gözləyənlərin sərgilədiyi yersiz, hətta ziyanlı nəzakət mədəniyyəti. Kameraya cuman, mikrofonu müxbirin əlindən alıb, xışmalayan Hacı Mazanın mədəniyyəti. Və sair və il axırların mədəniyyəti.  

Əvvəlcə, tarif şurasının ictimai nəqliyyatda gediş-gəliş haqqını artırmaq barədə qərarı, habelə baş nazirin minik avtomobilləri və mobil cihazların qeydiyyata alınması ilə bağlı sərəncamına toxunaq. Qiymətlərin və rüsumların nə qədər qaldırılması tək detallara getməyəcəm. Sadəcə məmurların diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Qərar verilibsə, onun ətraflı izahı aparılmalıdır. Müvafiq qurumlar, onların aparıcı mütəxəssisləri prosesin iştirakçılarına, problemin toxunduğu az təminatlılara ətraflı məlumat, ən azı lənət şeytana heç olmasa bir təsəlli verməlidirlər. Heç olmasa vətəndaş bilməlidir ki, onu qarşıda hansı sonuncu dayanacaq gözləyir. Tarif Şurasının qərarının izahı zamanı biz bunun müəyyən mənada şahidi olduq. Nəqliyyat, Rabitə və yüksək texnologiyalar nazirliyinin, Metropoliten və Bakı Nəqliyyat agentliyinin nümayəndələri REAL da daxil olmaqla mətbuatın, medianın imkanlarından istifadə edərək əhalini məlumatlandırdılar. Məhz bunun nəticəsində nə psixoloji gərginlik,  nə də ajiotaj yarandı. Bir gündə 3 qurumun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə rəsmiləri dəfələrlə efirə çıxdılar, mətbuat konfransları keçirdilər. Peşəkarlıq və peşəkarlar öz işini gördü. Amma baş nazirin minik avtomobilləri və mobil cihazların qeydiyyata alınması ilə bağlı əhalinin çox böyük bir təbəqəsini əhatə edən sərəncamının izahı göydə qaldı. Müəyyən dövlət qurumlarıyla vətəndaş, istehlakçı arasındakı iqtisadi münasibətlərin sahmana salınması baxımından olduqca mühüm əhəmiyyət daşıyan bir sənədin nəinki uğurlu, heç uğursuz izahının da şahidi olmadıq. Bu gün də bir çox suallar açıq qalmaqdadır. Halbuki o sualların cavabı bazarda, gömrük məntəqələrində çox lazımlı olacaq. Ən azı izah olunmalıdır ki, Azərbaycana xaricdən gətirilən avtomobillərin qiyməti qaldırılmayıb. Çünki bir çoxu sənədi belə başa düşür. Və ya başa salmaq lazımdır ki, mövzu ayrı-ayrı fiziki şəxslərin ölkə ərazisinə gətirdiyi mobil cihazlardır. Və razılaşın ki, bu izahatı hansısa jurnalist belə, indiki qaydada yəni atüstü, ayaq üstü verməli deyil. Uyğun nazir, ya onun müavini, ya da mətbuat katibləri əhalini ətraflı məlumatlandırmalıdır. Ən azı bir qərardan udan iş adamları danışmalı və istehlakçıya daxili bazarın niyə və necə qorunmasını, ucuz məhsulla keyfiyyətli məhsulun fərqini başa salmalıdır. 

Bilirsiniz, mənə elə gəlir ki, əgər söhbət başqa bir vəziyyətdə, lap elə Avroviziyada qələbə qazanmağımızdan, ya da “Qarabağ” klubunun “Atletiko” ilə növbəti heç-heçəsindən getsəydi. O zaman tərifi göyə qaldırmaqda bir-birimizə aman verməzdik. Burda isə söhbət tərifdən yox, tarifdən gedir və burda növbə tərsinədir. Yenə də sıraya düzülüş var. Amma bu sırada hamı bir-birinin arxasında gizlənir. İrəlidə isə dövlətdir. O vətəndaşla üz-üzə qoyulur. Məmur elə bil qorxur. Elementar bir sənədi, hökumətin həyatımıza təsir göstərə biləcək bəzi qərarları ilə camaatın qarşısına çıxmaqdan sanki çəkinir. İstehlakçıda sovet sosialist iqtisadi sistemindən qalma “Qiyməti mütləq aşağı sal!” tələbkarlığının üzərinə məntiq və savadla getmək, bu düstura alternativ olaraq yeni iqtisadi düşüncə modeli təklif etmək, aşılamaq əvəzinə, “Qiymətin qalxmasından qorxma, daha çox işlə ki bundan dövlət də, sən də güclənəsən!” “Qoy sənin bazarında olan məhsul baha olsun. Baha olsun ki, onu başqa respublikalardan gəlib almaq istəyənin buna gücü çatmasın, amma sənin alıcılıq qabiliyyətin buna imkan versin!” demək əvəzinə məmur çəkinir, arxa plana qaçır. 

Və elə bu vaxt sosial şəbəkə işə düşür. Sosial şəbəkə - nədi o? Azərbaycan reallığında ən yaxşı halda təsbehə alternativ, ən pis halda isə qeybət, arxaca danışmaq, döyülərək qapıdan qovulmuş yengə kimi əlində olan əsasları ləkəli mələfə kimi virtual zivədən asmaq kimi artıq milli dəyərə çevrilməkdə olan neqativ cəhətlərin külliyyatı. Buranı böyük bir zibilxanaya ancaq biz çevirə bilərdik. Canımızı qurtarmaq üçün çölə atdığımız zibillər isə çürüntü üfunətinn Orduxan, Tural, Vidadi, Milli, Qurban qoxudu ilə üstümüzə başağrısı tək gəlirlər. Onlar internet vasitəsilə bu xalqdan pul dilənirlər. Dilənirlər ki, elə bu dövləti-xalqın evini yıxmağa səsləsinlər. Həyasızlar! Müraciətlərini rus dilində etdikləri üçün ruscaya da çevirək: xayasızlar! Sosial şəbəkələr yeni münasibət tələb edir. Bəlkə, ölkənin hüquq-mühafizə orqanlarında sırf sosial şəbəkələri izləyən, burda baş verən prosesləri təhqiq edən, çevik müdaxilə imkanlarına malik qurumlar yaradılmalıdır. Ya da əlahiddə bir qurum, bir komitə, bir xidmət!? Elə bir qurum ki, məhz virtual məkanda baş verənlərə nəzarət etsin. Çünki artıq ortada insan itkiləri var. Mən Gəncədə qətlə yetirilən iki polis zabitini də, elə məhv edilən qatilləri də virtual küçələrlə bağlayıram.

Avqustun 4-də vəfat edən məşhur rep ustası Anar Nağılbazın da ölümündə sosial şəbəkənin əli,  barmaq izləri var.  Bu gün təsadüfi deyil ki, kimlərsə Anarın ölümünə görə məsuliyyət daşımadığını yazır, bir növ özünü sığortalamağa çalışır. Yəqin əlləri olan ölüm hadisəsi onun qətlə oxşadığının fərqindədirlər. Anar bir günün içində ölmədi. O hər ay, hər gün ölürdü, öldürülürdü, sosial şəbəkə həvəskarları olan mənəvi eybəcərlərin əliylə məhv edilirdi. O müqavimət göstərirdi, yalvarırdı, ağlayırdı, kənara çəkilirdi, amma ondan əl çəkmirdilər. İnsanı sadəcə ölümə itələyirdilər. Necə deyərlər onu bağırda-bağırda öldürürdülər. Anar Nağılbazın qatili sosial şəbəkə oldu. Buranın qeyri-ciddi süni mayalanmadan yaranmış iyrənc məxluqları oldu. Anar mətbuat konfranslarından birində belə bir cümlə demişdi: “Hamısı məhkəmə qarşısında cavab verəcək! Mən mətbuat haqqında qanunu yazan kişinin oğluyam!”. Düz deyirdi. O Mətbuat haqqında Qanunun formalaşmasında müstəsna xidməti olan deputat Rizvan Cəbiyevin oğlu idi. Anarın ölümündə mətbuatın rolu az olmadı. Anarın ölümünə atasının qəbul etdiyi Qanun mane ola bilmədi. Bax bu sual hər kəsi düşündürməlidir. Hüquq mühafizə orqanları Anar Nağılbazın ölüm faktı ilə bağlı cinayət işi başlasa, Anarı ölümə aparan status müəlliflərini bir-bir tapıb məsuıliyyətə cəlb etsə mən əsla təəccüblənmərəm. Əksinə sevinərəm. İfadə belə verərəm. Çünki sosial şəbəkələrdə artıq insanları özünü öldürməyə təhrik edən, intihar həddinə çatdıran  monstrlar formalaşır. Anar Nağılbazın ölümü son zəng olmalıdır. Sosial şəbəkələr bu gün əsl təxribat məkanına çevrilir. Əlbəttə, mən onların bağlanmasının və ya hansısa civarda məhdudlaşdırılmasının tərəfdarı, təşəbbüskarı deyiləm, amma əgər qeyri-müəyyən bir məkanda, şeytan bilir hansı ölkədə, hansı şəhərdə törədilmiş belə bir cinayəti sən götürüb facebook-da Gəncədə baş vermiş hadisə kimi yayırsansa, mütləq tapılmalı, həbsxanaya göndərilməlisən. Ona görə ki,  Gəncə təsadüfi seçilməyib. Ona görə ki, məhz bu şəhərdə din adı altında gizlənənlər qanuni hakimiyyətin təmsilçilərinə terror edib və bu kadrları yaymaqla hara eyham vurulduğu da aydındır.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə