Ramil Usubov rəisləri Bakıya toplayıb tapşırıqlarını verdi (FOTO)

Ramil Usubov rəisləri Bakıya toplayıb tapşırıqlarını verdi (FOTO)
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təklifi ilə iyulun 10-da radikal dini yönümlü bir qrup ekstremistin Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bu ilin altı ayında daha da inkişaf etdirildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, ölkəmizdə keçirilmiş prezident seçkiləri dövründə, eləcə də «2018 Formula 1 Azərbaycan Qran Prisi» zamanı ictimai asayişin və təhlükəsizliyin təmini vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyini bildirib, 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə ölkə rəhbərimizin cinayətkarlıqla mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində polisin rolunu yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb. 

Eyni zamanda, iyulun 3-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və ictimai təhlükəsizliyin təmini istiqamətində daxili işlər orqanlarının fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub. 

Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 12.844 cinayətin qeydə alındığını, bu cinayətlərin 93,8 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 89,4 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizinin ağır və xüsusilə ağır növlər təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.  

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə hesabat dövründə cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib.  O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə olanların açılması 0,6, adam  öldürməyə cəhdlərin açılması 1,8, mənzillərdən edilən oğurluqların açılması 2,6, avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz  artıb. Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.

Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət “isti izlər”lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Həmçinin “Təhlükəsiz şəhər” xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb. 

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib. 

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən edildiyi, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb. 

Polis general-leytenantı V.Eyvazov daha sonra deyib ki, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi 14,6 faiz yaxşılaşaraq 88,3 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan  yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində davam etdirilən qabaqlayıcı tədbirlər sayəsində yol-nəqliyyat hadisələrinin dinamikasında əvvəlki illərin müsbət təmayülləri qorunub saxlanılıb, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 4,1 faiz yaxşılaşaraq 1.619.718 inzibati xəta təşkil edib.

Polisin mühafizə qurumları tərəfindən 16.201 obyektin, o cümlədən 6.591 mənzil qorunduğu, mərkəzi mühafizə məntəqələrinə qoşulmuş obyektlərin sayının ötən 6 ayda bir qədər də artdığı, həmin obyektlərdə 128 oğurluq hadisəsinin qarşısı alınmaqla  52 şəxsin, habelə xidməti marşrutlarda 88 digər cinayət törətmiş 98 nəfərin yaxalandığı qeyd olunub.

Məruzədə Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının yüksəldilməsi, səfərbərliyin təşkili hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi də diqqətə çatdırılıb. 

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, nazirliyin rəhbərliyi tərəfindən 805, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 156 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığı, DİN-ə daxil olan şikayətlərin sayının 18,4 faiz azaldığı vurğulanıb. 

Məruzə ətrafındakı çıxışlarda ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. 

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlıqları ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib. 

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən,  tapşırıq və tövsiyələrini verən nazir ilk növbədə dini ekstremizmə, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə və mülkiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizənin daha da güсləndirilməsini, сinayətkarlığa qarşı mübarizədə informasiya resurslarının imkanlarından maksimum istifadə olunmasını, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsini, onlarda düzgün polis düşünсəsinin formalaşdırılmasını tələb edib.

Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə ölkə prezidentinin təbrikində cinayətkarlığa qarşı mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının müdafiəsində daxili işlər orqanlarının rolunun yüksək qiymətləndirilməsinə diqqəti çəkən Ramil Usubov ölkə başçısının müvafiq sərəncamları ilə 49 əməkdaşın dövlət mükafatına layiq görüldüyünü, rəhbər vəzifəli  2 şəxsə ali rütbə verildiyini məmnunluqla xatırladıb, bu ali diqqətin, etimad və inamın şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, onu layiqincə doğrultmaq üçün qarşıda çox mühüm vəzifələr durduğunu deyib. Bu məqsədlə cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, şəxsi heyət peşəkarlığını daim yüksəltməli, ölkəmizdə xalq-iqtidar birliyinə söykənən sabitlik günbəgün möhkəmləndirilməli, asayiş və daxili təhlükəsizlik daha etibarlı qorunmalıdır. 

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək,  cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə