Yaşıl dəhlizin yandırdığı yaşıl işıq

Yaşıl dəhlizin yandırdığı yaşıl işıq

Gömrükdə “Yaşıl dəhliz” qaydaları təsdiqlənəndə də, müsabiqədə gömrük sərhədlərinin keçirilməsi üçün “Yaşıl dəhliz”in əhəmiyyəti mövzusu qoyulanda da nədənsə Vaqif Səmədoğlunun “Sən uzaq yaşıl ada” şerini xatırladım.  Bu yaşıl adanı o “Yaşıl  dəhliz”lə təkcə rəng birləşdirsə də “Yaşıl dəhliz” tək sahibkarlar üçün deyil, həm də sadə vətəndaş üçün yaşıl işıq oldu. Hər kəs vaxtına qənaət etdi. Vəzifəli şəxslərlə birbaşa ünsiyyətə, həm də süründürməçiliyə son qoyuldu.

“Yaşıl dəhliz” sisteminin tətbiqinə başlamış ilk ölkələrdən biri Cənubi Koreyadır. Azərbaycanda  isə bu sistem yenidir. 2016-cı ilin mayında ölkə başçısı gömrükdə “Yaşıl  dəhliz” qaydalarını təsdiqlədi. Qaydalar məmur-sahibkar münasibətlərini rəqəmsallaşdırdı. Bu da açıq hökumət prinsiplərinə uyğundur. Bəs bu, idxalçıya nə verir? İlk növbədə sahibkar məmnuniyyəti. Çünki idxalçıdan yeganə tələb odur ki, gömrük sərhədini keçməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərsin. “Yaşıl dəhliz”dən istifadə zamanı idxalçıdan sadəcə olaraq, sərhəd-buraxılış məntəqələrində məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi tələb olunur.

“Yaşıl dəhliz”dən istifadə edən idxalçılar gömrük sərhədini keçdiyi andan öz malları üzərində sərəncam verə bilirlər. Bəs necə olur ki, elektron informasiya sistemi riski aşağı qiymətləndirir və idxalçı "Yaşıl dəhliz"dən istifadə edir? Bunun yeganə yolu maliyyə intizamı, əvvəllər aparılan idxal əməliyyatlarının qanunauyğunluğu, gömrük və vergi borcunun olmaması, inzibati və ya cinayət məsuliyyətinin yoxluğu və malların düzgün uçotudur. Deməli, "Yaşıl dəhliz" təkcə sahibkar məmnuniyyəti deyil, həm də sahibkarlıq fəaliyyətinin qanunauyğunluğunun stimullaşdırılmasıdır. Hər bir idxalçı qəbul etməlidir ki, əgər risk ehtimalını artırsa, onda uyğun olaraq mavi, sarı və qırmızı dəhlizlərdən istifadə etməli olacaq. Məsələn, "Qırmızı dəhliz"də gömrük nəzarətinin bütün formaları tətbiq olunur.

Aydındır ki, hər bir sahibkar qanunlara daha çox riayət etməklə və məsuliyyətli olmaqla "Yaşıl dəhliz"dən istifadə hüququ qazanmağa çalışacaq. Bu cür yanaşma idxal edilən malın gömrük qeydiyyatına alınması üçün əlavə stimul yaradacaq və dövlət büdcəsinə gömrük rüsumu, ƏDV, aksiz və yol vergisinin alınması imkanlarını daha da genişləndirəcək. İdxal zamanı rəsmi qeydiyyata düşməklə sonra həmin məhsulların ölkə daxilində də leqal dövriyyəsi təmin edilir. Bu isə dövlət büdcəsinin gəlirlərinin təmin olunması və biznesin daha da leqallaşdırılması üçün əlavə imkanlar yaradır. "Yaşıl dəhliz"in tətbiqi həm cinayət, həm də inzibati xəta faktlarının azalmasına şərait yaradır. Bu xüsusda daha bir vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin dizayn verdiyi iqtisadi islahatlar kompleks xarakter daşıyır. Belə ki, Cinayət Məcəlləsinə edilən son dəyişikliyə əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdirilir və dekriminallaşdırılır. Məsələn, əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdisə, indi bu hədd 20 min manat olub. Həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manatdan 20 min manata çatdırılıb. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir. Statistik təhlillərə əsasən cinayət məsuliyyəti yaradan məbləğin artırılması vergidən yayınma cinayət işlərinin təqribən 40%-ni, qanunsuz sahibkarlıq cinayət işlərinin 30%-ni dekriminallaşdıracaqdır. "Yaşıl dəhliz"in tətbiqi və dekriminallaşdırma azad sahibkarlığın inkişafını sürətləndirir.

Azərbaycanda gömrük islahatları sahəsində atılan addımlar Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında ölkəmizin "Beynəlxalq ticarət" kriteriyası üzrə mövqelərinin yaxşılaşdırılması üçün zəmin yaradır. Xüsusən idxal zamanı sərhəd və gömrük nəzarətinə sərf edilən vaxt və xərc, həmçinin sənədlərin rəsmiləşdirilməsinə tələb olunan zaman və xərcin azalmasına səbəb olur. Azərbaycanda "Yaşıl dəhliz"in yaradılması ölkəmizin Şərq-Qərb və Şimal-Cənub daşımalarında əhəmiyyətini daha da artırır. Belə ki, Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda Qazaxıstanla Çin arasında ikitərəfli qaydada "yaşıl dəhliz"in yaradılması Böyük İpək yolu üzrə daşımaların sürətləndirilməsini təmin edir. Yəni Bakıdan Şanxaya qədər uzanan "yaşıl dəhliz" təkcə Azərbaycan deyil, həm də tranzitlə məşğul olan sahibkarlar üçün cəlbedicidir. Digər tərəfdən isə, ikitərəfli qaydada Azərbaycan, Rusiya və İran arasında "Yaşıl dəhliz" Şimal-Cənub istiqamətində də nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək. Nəzərə alanda ki, Azərbaycanın yaxın perspektivdə kənd təsərrüfatı və ərzaq malları kimi bazarlara tez çatdırılması tələb olunan ixrac potensialı genişdir, onda "yaşıl dəhliz"in əhəmiyyəti bir qədər də artmış olur. “Yaşıl dəhliz" əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Bu günədək "Yaşıl dəhliz" statusu almış şirkətlərin sayı 50-ni ötüb. Bu isə o deməkdir ki, 50-dən çox şirkət Azərbaycan gömrüyündəki 4 rəngdən biri olan yaşıl dəhlizin artıq sakinləridir. Yəni bu sayda şirkət sahibkarları sənədləri “yaşıl dəhliz”dən istifadə üçün verir, deməli, onun gömrük məmurları ilə ünsiyyəti minimuma enir. Bu da korrupsiya hallarının azalması və sahibkarların fəaliyyətinə müdaxilənin minimuma enməsi baxımından olduqca vacibdir. Şəffaflıq artır, ən önəmlisi, gözləmələrin, növbələrin, yubanmaların sayında xeyli azalmalar müşahidə olunur.

Bununla belə hesab edirik ki, ölkənin tranzit qabiliiyyətinin atrması, gömrük idarəetmə sistemində islahatların davam etdirilməsi, elektron və açıq hökumət proqramlarının davam etməsi fonunda “Yaşıl dəhliz” buraxılış sistemində davamlı olaraq təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Bu məqsədlə aşağıdakı addımların atılması məqsədəuyğun hesab edilir.

1. Risk qiymətləndirmələri aparılarkən subyektiv iştirakçılığın minimum həddə salınması – bu məqsədlə elektron seçmə üsulu tətbiq edilə bilər. Elektron seçmə prosesi qeydiyyatda olan idxalçılar üzrə real vaxt rejimində qiymətləndirmənin aparılması, hansı buraxılış sisteminə aid edilməsi haqqında məlumatı birbaşa olaraq idxalçının email adresinə və mobil əlaqə telefonuna göndərməsi təmin edilə bilər. Sistemin tətbiq edilməsi idxalçılar üçün yaradılmış imkanlar üzrə bərabərhüquqlu çıxış imkanını təmin etməklə yanaşı, subyektiv qiymətləndirmələr zamanı müşahidə edilən himayədarlıq və qeyri bərabər yanaşma kimi nöqsanlar aradan qalxa bilər.


2. Onlayn nəzarət mexanizminin yaradılması – “Yaşıl dəhliz” buraxılış sistemi üzrə prosesə onlayn izləmə imkanının yaradılması sistemin üstünlüklərinin daha geniş təbliği, prosesi təmin edən cavabdeh qurumun məhsuliyyətinin artması, xarici tranzit iştirakçılarında mövcud imkanlar haqqında daha dolğun qənaətin formalaşması, yaranmış mübahisələrin həlli prosesinin sadələşdirilməsi  və idxalçıların qanuni fəaliyyətə meyllkiyinin gücləndirilməsi ilə nəticələnə bilər.

3. Tranzit daşımaları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin əhatəsinin genişləndirilməsi - xarici ticarət və tranzit daşımalar üzrə iştirakçı dövlətlərlə informasiya mübadiləsinin təşkili yolu ilə tranzit daşımaların iştirakçıları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin əhatəliliyinin artırılması.

4. Risk qrupları üzrə yerdəyişmələrə baxılması prosesinin intensivləşdirilməsi – hazırda mövcud olan “6 aydan bir” ifadəsi “3 aydan gec olmayaraq” ifadəsi ilə əvəz edilərsə idxalçıların öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırması və şəffaflıq təşəbbüsləri stimullaşdırıla bilər.

Əl qərəz. “Yaşıl dəhliz”dən keçənlər üçün gömrüyün yaşıl işığı yanır. İşığınız sönməsin!

Afət Telmanqızı

Yazı “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə