Rusiyada Bakını mərkəzə çevirən layihəyə razılıq verildi

Rusiyada Bakını mərkəzə çevirən layihəyə razılıq verildi
Razılaşmadan sonra, Transxəzər qaz kəməri yenidən gündəmə gəlib

Xəzər dənizinin bölünməsi ilə bağlı 25 ildən artıqdır davam edən danışıqlar yekunlaşmaq üzrədir. Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. Konvensiyada diqqət çəkən maddələrdən biri budur ki, Xəzərin sahilində yerləşən ölkələr dənizin dibi ilə - sualtı boru kəmərləri çəkmək hüququna malikdir.

Razılığa görə, üzv ölkələr Xəzərin dibi ilə sualtı boru kəməri və kabel çəkə bilər. Lakin belə layihələr tərəflərin qoşulduğu beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələblərə və standartlara uyğun olmalıdır.

Boru xətti çəkən ölkə onun koordinatları ilə bağlı Konvensiya tərəflərinə məlumat verməlidir.

Təbii ki, bu razılıq 1990-cı illərdə uzun müddət gündəmdə olub, daha sonra sözün əsl mənasında Xəzərin dərinliklərində batırılan Transxəzər qaz kəmərini yenidən diqqət mərkəzinə salır. Bu layihəyə görə, Türkmənistan qazı Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Türkiyə və Avropaya göndəriləcək.


Bu isə o deməkdir ki, Türkmənistan yaxın illərdə enerjinin İpək yolu hesab edilən TANAP layihəsinə qoşula bilər. Təsadüfi deyil ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar bir neçə gün əvvəl bəyan edib ki, Xəzərin dibi ilə Türkmənbaşıdan Səngəçal terminalına qədər qaz kəmərinin çəkilməsi məsələsində Avropa Komissiyası Türkmənistanla fəal əlaqələr qurur. Avropa İttifaqı bu layihəyə tam dəstək verir.

Onun sözlərinə görə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi öncədən yalnız “Şahdəniz” yatağına hesablanmayıb, özündə həm də ümumilikdə Xəzər hövzəsindən və Yaxın Şərqdən qazın nəql edilməsini ehtiva edir.

“Türkmənistan rəhbərliyi izafi qaz həcmini Xəzərin dibi ilə ötürməklə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql etməyə razılıq verəcəkmi? Aİ-Türkmənistan danışıqları bu ölkədə baş vermiş iqtisadi böhran şəraitində aparılır. Bəzi dəyərləndirmələrə görə, Türkmənistanı Venesuelada olduğu kimi, defolt gözləyir. Belə bir vəziyyətdə isə Transxəzər qaz kəməri layihəsi və zəngin Avropa bazarına çıxış Türkmənistan üçün həyati vacib əhəmiyyət daşıyır”, - Erik Somelar deyib.


Erik Somelar


Transxəzər layihəsi niyə dalana dirəndi?
Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında ilk  müqavilə 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır.

1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.

O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.

2011-ci ildə Türkmənistan höküməti uzunluğu 1000 kilometr və dəyəri iki milyard dollar olan daxili "Şərq-Qərb" qaz kəmərinin tikintisinə başlayıb. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, ordan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə