Mir Şahinin vaxtı (VİDEO, 17.06.2017)

Mir Şahinin vaxtı (VİDEO, 17.06.2017)

Məncə həftənin, Azərbaycanın, Türkiyənin, ümumiyyətlə Avropanın əsas xəbərindən başlayaq. Azərbaycan qazının Avropaya daşınması məqsədilə inşa edilən Cənub Qaz Dəhlizinin TANAP stansiyasından. Azərbaycanın bir müstəqil dövlət kimi dayaqlarının bərkidilməsi, istiqlalının daha etibarlı olması üçün bu layihənin müstəsna əhəmiyyəti var.

Və bu əhəmiyyətin dərəcəsi - “Bakının az qala göbəyində yaşayıram, mənzilimə qaz gəlmir, bunlar isə Avropaya qaz verirlər!” deyə ora-burasından sızdıran dəli şeytan məntiqindən milyon dəfələrlə artıqdır.

Dünya düzəninin yenidən formalaşmasında özünəməxsus rolu olan, daha çox dövlətin gələcəyi, əbədiliyi mövsusuna düşünən hakimiyyətin başını “Şanxay” gecəqonduları və “Papanin” ceyran peçləri ilə qarışdırmaq  təkcə siyasi, iqtisadi deyil, həm də bir vətəndaş savadsızlığıdır.

Beş-altı nəfər beyindaşı və ya peyindaşı ilə oturub ağıllı-ağıllı təhlillər qırılladan, bununla da sadə insanlara guya nələrisə başa salan “şəbəkə professorları”nın nəzərinə. Söhbət Azərbaycan dövlətinin Avropa üçün, dünyadan ötrü əhəmiyyətli olmasından gedir.

Anlamaq lazımdır ki, Azərbaycanın mühümlüyünü dünya, Avropa qəbul etməsə, ölkə daim risk hədəfi olacaq. İyunun 12-dən etibarən Azərbaycan yeni bir formata daxil oldu. Bu ölkə siyasi-iqtisadi səmti barədə kifayət qədər açıq mesaj verdi. Burda “mən kiminləyəm” sualı da vardı, “kim mənimlədir” sorğusu da.

Qəbul edilmiş qlobal çağırışların miqyası və çəkisi Bakını tam yeni beynəlxalq şəraitə uyğunlaşmağa məcbur edir. Azərbaycan qazı bir kənd, bir mənzil üçü faydalı olmaqdan, bir region, bir qitə miqyaslı əhəmiyyətə, onun məhəlli məişət məzmunu qlobal beynəlxalq mahiyyətə keçir. Hansısa mətbəx xalabacısının əlindəki qaz aşığını dövlət başçılarının fırlatdığı qaz sükanı əvəzləyir. Boşboğazlıq və boşboqazlıq vaxtı deyil.

Bir daha bu fikrə qayıtmağı lazım bilirəm: müstəqilliyin qiyməti dünyaya gərəkli olmaqla  ölçülür. Azərbaycan Bakı Tiflis Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı Tiflis Qars, Cənub Qaz dəhlizi kimi layihələrlə  dünyaya nə qədər lazım olduğunu  sübut edir. 12 iyun Azərbaycanın dünyanın enerji təhlükəsizlyinə təminat tarixidir. Bu kiçik Qafqaz ölkəsi qitənin elə böyük oyunçuları ilə rəqabətə daxil olub ki, bu vəziyyət hər bir sakindən vətəndaş olmağı, öz mənzili, öz qaz sobası, şəxsi qayğı və problemlərini yox, mənsub olduğu dövlətin maraqlarını düşünməyi tələb edir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə