Yadlaşdırma, yad et!

Yadlaşdırma, yad et!
Yoxsa o sabunu sizlər üçün bişirirdi ki, indi Sabiri "vurmaq" tapşırığı aldıqlarınızla "ünsiyyət" imkanı yaratsın?!

Mirzə Ələkbər Sabirə daş atmaq onun şeirlərinin tənqid hədəfi olanlara "baş tutmaq" kimi şeydir. Hər kəsi vurduz, tək Səbir qalmışdı bircə. Babəki atəşpərəst, Nəsimini ateist, Seyid Əzimi allahsız çıxartdız. Şah İsmayıl, Koroğlu, Səməd Vurğun, Mikayıl Müşfiq, Xəlil Rza və daha yadıma düşməyən dahilər... Sizdən yuxarılarda olanları aşağılamaq ucalıq gətirməz, uzaqbaşı bir-iki nəfər "pivə" dostunuz oxuyub güləcək. Yoxsa o sabunu sizlər üçün bişirirdi ki, indi Sabiri "vurmaq" tapşırığı aldıqlarınızla "ünsiyyət" imkanı yaratsın?!

Gəlirəm yazmağa bir kəlmə, — tutarsan əlimi,

Qorxuram, ya nə üçün, — çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!

İstəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!

Sabir xalqı danmırdı, xalq üçün yanırdı. Şeirlərini də xalqı ələ salanların dilindən verirdi. Bunu azca ziyalanmaqla görmək olardı. İşiq salırdı həm öz dövrünə, həm bu dövrə. Sabir tənqid etdiyi və tənqidə layiq kəsləri cibində gəzdirirdi. Bu gün şairi tənqid etmək üçün ən azı onun kimi yazmaq deyil, heç olmaya ətrafında bir-iki şeir dolanmaqdır. Etməyin, eləməyin! Tənqid olunası o qədər adam var ki. Xalqın içində olsanız, Sabir kimi düşünərsiz. Siz dediz, demədiz, xalq onu sevir, qiymətləndirir. Siz onu gözdən salmaqla xalqın ürəyini bulandırırsız. Onsuz da xalqda ürək qalmayıb, dirək verin, aşırtmayın, aşmayın həddinizi. Həddi-buluğa çatmağına çatmısız, əqli-buluğa çatmagınızı gözləyin, yatmayın! Səbrli olun, Sabirlə olun!

Tural Səftərov

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə