Maliyyələşən mədəniyyət (VİDEO)

Maliyyələşən mədəniyyət (VİDEO)
Teatrları inkişafa aparan yol dövlət büdcəsindən keçir?

Teatr - bu söz bütün dünya dillərinə yunancadan keçib və mənası görmə yeri deməkdir. Ona dünya üzərindəki ən təsirli sənət növü də deyirlər, böyüklər üçün məktəb də.

Şekspir isə deyirdi ki, “teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir”. Bu gün bütün dünyada bu sənətə olduqca böyük maraq və diqqət var.

Teatr və diqqət demişkən bu sahəyə Azərbaycanda da kifayət qədər diqqət və qayği mövcuddur. Amma təssüfki, burada söhbət tamaşaçı, cəmiyyət diqqətindən deyil, dövlət diqqətindən gedir.

Məsələn, bu il dövlət büdcəsindən mədəniyyət və incəsənət sahəsinə 128,5 milyon manat ayrılıb. Bu məbləğin müəyyən hissəsi teatr, konsert müəssisələrində yaranmış zərərin ödənilməsi üzrə nəzərdə tutulub.

Daha dəqiq ifadə etsək teatrlar yenə də və hələ də büdcədən maliyyələşir. dünyada isə belə “diqqət” demək olar ki, yoxdur.

Hazırda dünyada müxtəlif növ teatrlar var. Şəhər teatrı, Meydan teatrı, Salon teatrları, inkluziv teatr, dövlət və özəl teatrlar. Hər birinin öz yaranma məqsədi və tarixi var.

Azərbaycanda isə ilk teatr 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər Ağa Goraninin təşəbbüsü ilə yaradılıb.

Həmin vaxt Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsəri “Baki realni məktəbi”nin şagirdlərinin iştiraki ilə "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu.

Bu əsas hansı təfərrüatlar, çətinliklər, fədakarlıqlar hesabına yarandı, bu haqda danışmayacam. danışacağım hissə 145 illik tarixə malik olan teatrlarımızın tamaşaçıya deyil, dövlətə əsaslanması ilə bağlıdir.

Necə olur ki, bir ovuc Gürcüstanda teatrlar dövlətdən bir qəpik almadan fəaliyyət göstərə, inkişaf edə, tamaşaçı toplayıb ölkəni təmsil edə bilir, biz isə yox?

Teatrin yaranma məqsədi xalqı maarifləndirməkdir. Amma görünən odur ki, bu sənət məbədlərinin özlərinin də yeni teatr yanaşmaları ilə bağlı maariflənməyə ehtiyacları var. Nədə? Məsələn dövlətdən maliyyələşmə ilə bağlı əsas arqument tamaşaçının olmaması göstərilir, elə deyilmi?

Deyirlər Azərbaycanda məvacibindən pul ayırıb 5 manatlıq bilet alan yoxdur. Ətrafımızda ayda ən azı bir dəfə teatra gedənlərin sayı barmaqla sayılacaq qədərdir. Amma potensial tamaşaçı nə üçün teatra gəlməlidir. Teatrda onu hansı yenilik, hansı səhnə, hansı hazırlıq, hansı dekor, aktyor, musiqi gözləyir?

Adamlar seçə bilir. adamları səmimiyyət və pafos, yenilik və ənənəvi köhnəlik arasında qoyanda birincini seçirlər. Bu dəqiqə dünyada teatr tamaşalarında multi media sistemlərindən, ciddi kino effektlərindən istifadə olunur.

Və görünən budur ki, bu yenilikləri tətbiq edən hətta qismən faydalanan teatrlar fərqlənə bilir. Bu mənada “Əsa” teatrının adını eşitməyən yoxdur yəqin ki...
İki il əvvəl Azərbaycanda ilk inkluziv teatrin əsasını qoyan bir ovuc gənc istedadın, rejissor və aktyorun sözün əsl mənasında “Əsa”ya ehtiyacı olub, amma dövlətin maddi “əsa”sını onlar bu gün də istəmirlər.

Hazırda kassalarda “Əsa” teatrının tamaşalarına biletin qiyməti 10 manatdan aşaği deyil. tamaşaları isə anşlaqla keçir. Demək ki, yeni yanaşma, fərqli düşüncə ilə araşdırmaq, tətbiq etmək, zəhmət çəkmək nəticəsiz qalmır.

Teatrlarin bu günkü vəziyyətinin səbəbini min cür faktorla əlaqələndirmək olar. Azərbaycan tamaşaçısını zövqsüzlükdə, ölkə televiziyalarını teatrları təbliğ etməməkdə, təhsildə, və s. və ilaxir.

Amma heç bir halda bunun yükünü dövlətin çiyinlərinə qoymaq, büdcədən alıb-alıb əvəzində bir addım qət etməmək olmaz. Bütün bu olmazları elə büdcədən maliyyələşən dövlət teatrları ilə müzakirə etmək istədik. Addim qət etməyənlər, ağız açmağa da ərindilər.

Ayşəm Rüstəmova
Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə