Şakira və Nadir Qafarzadə…

Şakira və Nadir Qafarzadə…
Ləman Ələşrəfqızı yazır

Şakira İsraildəki konsertini təxirə salıb. Səbəb İsrailin Qəzzada törətdiyi qətliamdır ki, ulduz müğənni  fələstinlilərin ona müraciətini bu cür qiymətləndirməklə  dünya mətbuatının gündəminə gəlib.

Bu arada bizim ulduzcuqlar da yerli gündəmi zəbt ediblər. Yox əşi, Qəzzanın başına gələn qəzavü-qədərdən dolayı deyil. Hardadır onlarda bu böyüklük? Onlar xırda işlərin peşindədirlər. Ad-zad istəyirlər.  Şakira eşitsə  yəqin ki qəşş edər. Ya da ümumiyyətlə, onların nə istədiyini  anlamaz. Çünki Şakira nə  doğulduğu Kolumbiyanın  xalq artistidir, nə məşhuri-cahan olduğu  dünyanın. Onu səsinə görə sevirlər, səsi ona milyonlar qazandırıb. Milyonlarla sərvət, milyonlarla tamaşaçı. Bəs bizimkilər? El arasında deyildiyi kimi, Biləcəridən o tərəfə tanıyan yoxdur.

Özləri də oturublar dövlətin boynuna ki, daşı məni daşıya bildiyin qədər. Biri dövlət konsertlərinə dəvətin davasını edir, biri fəxri adın, biri fərdi təqaüdün. Belə baxanda günah elə bunları ələbaxım öyrədənlərdədir.Bunlar öz sənətləri ilə dövlətə xeyir verməli, dövlətə qazandırmalıdırlar. Eynən Şakira kimi. Amma bunlar Şakira olmağı heç ağıllarından da keçirmirlər, bunların bircə şakəri var.  Necə olursa olsun ad alsınlar. Nəyinə lazımdır dünyanın tanımağı, Azərbaycanda yol polisi onları tanıdısa bu da yetər. Qırmızı işıqda keçsinlər, sürət həddini və ümumiyyətlə həddini aşsınlar ,heç kimdə gözün üstə qaşın var deməsin. Axı, bu xalq artistidir.

Bəli, cümhuriyyətin 100 illiyində əməkdar və xalq artisti təltifləri  çoxlarını rəncidə etdi. Məlum oldu ki, Nadir Qafarzadə də, Xatirə İslam da fəxri ad arzusundaymış.  Sanki 100 il qabaq dövləti bunlar qurub və indi də əziyyətlərinin haqqını istəyirlər. Hərçənd onlar kösövü  öz qabaqlarına çəkməyə də bilər, sənət adamı kimi daha fundamental, daha maraqlı təkliflərlə gündəmə gələ bilərdilər.

Məsələn, Nadir Qafarzadə özünə ad istəyincə, cümhuriyyət tarixini ələk-vələk edən tarixçilərə ad tələb etsəydi daha effektli olmazdımı? O insanlara ki, gecə-gündüz arxivlərdə toz udublar, 100 ildən qalma qovluqları bu günümüzə daşıyıblar. Ölkə bilməyiblər, şəhər bilməyiblər, nadir faktlar toplayıb cild-cild kitablar nəşr etdiriblər ki, nadir qafarzadələr oxusun, tariximizi öyrənsin. Amma Nadirin oxuduğu tarix yox, segahdır. Özü də elə segah ki, heç 1918-ci ildə cümhuriyyətçilərə halal-zülal mülkünü bağışalyan, dövrünün ən gözəl səs sahibi  Seyid Mirbabayevin özü də belə oxuya bilməzdi. Zarafat eləmirəm, sadəcə müqayisə edirəm. Hardan hara gəldiyimizi, bu 100 ildə irəli yox, geri getdiyimizi, cılızdaşdığımızı, bapbalaca qaldığımızı.

1918-ci ilin sentyabrında paytaxt Gəncədən  Bakıya köçəndə müstəqil cümhuriyyətin  Nazirlər Şurasına oturmağa bina yox imiş. Onda Seyid Mirbabayev özünün sarayını- indiki Dövlət Neft Şirkətinin binasını onlara verib. O bina ki, fransız intibah memarlığı üslubunda  memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdi. Yəni el arasında deyildiyi kimi, heç qardaş qardaşa bunu etməzdi ki, Seyid Mirbabayev yeni yaranmış gənc  dövlət üçün  elədi. Seyid Mirbabayev ilk azərbaycanlıdır ki, Varşavada səsini qrammafon valına yazdırmışdı. Dövrünün populyar xanəndəsi, neft milyonçusu idi. Sənəti də, pulu da ona istədiyini qazandıra bilərdi. O cümlədən fəxri ad da, titul da. Amma o müstəqil dövlətə verdiyi Sarayın müqabilində o dövlətdən heç nə istəmədi. İndikilər isə elə hey istəyir, elə hey tələb edirlər. Şair demişkən, addı, mükafatdı, zaddı nə bilim…

Ləman Ələşrəfqızı
gununsesi.info

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə