112 oyun, 255 qol

112 oyun, 255 qol
Futbol üzrə Azərbaycan çempionatında bu mövsüm yadda qalanlar

Futbol üzrə Azərbaycan çempionatında cari mövsüm bir sıra maraqlı statistik göstəricilərlə yadda qaldı. Baş tutmuş 112 matçda qapılara ümumilikdə 255 qol vuruldu ki, bu da hər oyuna orta hesabla azı 2 qol deməkdir.

Çempionatın ən sərrast futbolçusu "Qəbələ"nin heyətində çıxış edən Baqali Dabo oldu. 27 oyunda rəqib qapılarına 13 top vurmuş hücumçu rəqiblərini qabaqlasa da, bu göstərici yüksək sayıla bilməz.

Dabonu rəqib qapılarına 10 dəfə yol tapmış sumqayıtlı Amil Yunanov izləyir. Mövsüm ərzində cəmi 9 qol vurmuş digər qəbələli Stiven Monroz isə məhsuldarlığına görə üçüncü yerdə qərarlaşıb.

Maraqlıdır ki, ilk hissədə qazanılan xallara görə Qəbələ klubu Qarabağı qabaqlayır. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi rəqiblərini əsasən ikinci hissədə vurduğu qollarla məğlub edib. 

Çempionatın ən intizamsız futbolçusu Neftçinin müdafiəçisi Kiril Petrovdur. Futbolçuya mövsüm ərzində 10 vərəqə göstərilib ki, bunlardan da 1-nin rəngi qırmızıdır. Qəbələnin hücumçusu Cavid Hüseynov isə qırmızı vərəqə qazanmaq üzrə rekordçudur. Meydana çıxdığı matçlarda cəmi 1 sarı vərəqə almış futbolçu 2 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

11 metrlik cərimə zərbələrinin ifaçıları qismində 2 futbolçu digərlərindən fərqlənir. Zirənin heyətində çıxış etmiş Milan Duriç və Sumqayıtın futbolçusu Tural Axundov hərəyə 3 dəfə penalti zərbəsini dəqiq yerinə yetiriblər.

Daha bir paradoksal statistika Kəpəzin adı ilə bağlıdır. Bu mövsüm sonuncu yeri tutaraq premyer liqanı tərk etmiş Gəncə kulubu azarkeş sayında bütün rəqiblərini qabaqlayıb. Gəncə təmsilçisinin hər matçını orta hesabla 6672 azarkeş izləyib. İkinci yerdə olan digər bölgə təmsilçisi Qəbələ hər matçına 3000 azarkeş toplaya bilib. Çempion Qarabağın uğuruna isə meydandan cəmi 2233 nəfər azarkeş sevinib. Bu isə o deməkdir ki, Kəpəzin hər matçına gələn azarkeş sayı Qəbələ və Qarabağın toplamda azarkeş sayından daha çoxdur. Bu yerdə futbol azarkeşlər üçün oynanır aforizmi də çəkisini itirir. Ümid edək ki, nə vaxtsa böyük futbol Gəncəyə yenidən qayıdacaq və o nə vaxtsa uzaqda deyil. 

Mehman Rəsulov, Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə