Futbolun boz çaları (VİDEO)

Futbolun boz çaları (VİDEO)
Süni örtüyün altındakı həqiqət

Reportajımı boz görüntü ilə başlamaq istəməzdim. Amma futbolun bu süni meydança kimi boz və məşşəqətli tərəfləri var. 90 dəqiqə meydanda can qoyan futbolçu bir göz qırpımında ya süni meydançanın, ya da rəqibin kobudluğunun qurbanı olur.

Bunun ardınca ağrı, əməliyyat, fasiləsiz müalicə və sual altına düşən karyera gəlir. Yaşıl ot qoxusunu dərman iyi gələn palatalar əvəz edir. Belə məqamda futbolçunun oynaqlarını oynaq vəziyyətə gətirmək onların nazı ilə oynayan həkimlərin payına düşür.

Futbolda rast gəlinən zədələrlə bağlı "Neftçi" klubunun həkim-fizioterapevti Rasim Qədməliyevlə söhbətləşdik. Həkimdən ilk olaraq ən çox rast gəlinən zədə formaları və onların səbəbləri barədə soruşduq.

"Neftçi"nin əvəzedici komandasının üzvü Quliyev Əmrəlinin ayaqlarının əmin əllərdə olduğunu demək olar. Zərbə nəticəsində sağ ayağının ön çarpaz bağı qopan futbolçu əməliyyatdan sonra müalicə dövrünü keçir. Bərpa prosesi plana uyğun gedərsə futbolçu 6 aya meydana qayıda biləcək.

Kompleks müalicənin bir qolu da massajdı. Hər oyundan əvvəl və sonra futbolçular Əziz Salmanovun "qılıncının altından keçir". Təbii ki, bu massaj forması qulunc qırmaq, ya da kürək ovxalamaqdan ibarət deyil.

Qış aylarında əzələləri qızışdırmaqla futbolçuları oyuna hazırlayan Əziz matçdan sonra təzədən əlcəklərini geyinməli olur. Bu dəfə əzələlərdən gərginliyi götürmək üçün.

Gərginlik götürmək demiş. Divarda əksi suya düşən Panda rəsminə baxın. Bu biri tərəfdə də dağ tablosu. Deyəcəksiz ki, nə dəxli? Dəxli odur ki, bu şəkilləri də klubun rumıniyalı həkimi Gennadiy Kişlari çəkib, özü də ağ-qara qələmlə. Genanın fərdi sərgisi barədə başqa materialda ətraflı danışacam. İndi isə zədələrlə bağlı mövzunu davam etdirək. Zədədən sağalan futbolçunu fitnes gözləyir. Topla oynamaq üçün hələ tezdi. Hələki həkimin tapşırdığı hərəkətlərlə kifayətlənmək lazımdı. 

Süni meydançada ala qarğa bala çıxarmaz. Amma təbii otun üstündə qara qarğa da nə oyun desən çıxara bilər. Bu qarğa bəlkə Banişevskini də 18 yaşında meydançada qaçan görüb. Bizim isə o qədər vaxtımız yoxdu. Bozla başladıq yaşılla bitiririk. Bozarmamaq ümidilə.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə