Olduqca təhlükəli TRAMPlin (VİDEO)

Olduqca təhlükəli TRAMPlin (VİDEO)
Real TV-də “Mir Şahinin vaxtı”dır

...Ən pisi bu 70 yaşlı qocanın özünü uşaq kimi aparması deyil. Qocalıq onsuz da ikinci uşaqlıqdır. Ən pisi budur ki, özünü uşaq kimi aparan bu qoca Amerika Birləşmiş Ştatları kimi qüdrətli, dünyaya qanun-qayda diqtə edən, özünü demokratiyanın beşiyi adlandıran və bir zamanlar doğrudan da belə birisi olan ölkənin rəhbəri, Prezidentidir. Sadəcə Donald Tramp! Amerikalıların tonunda desək, bəli, o İnanılmazdır! Və elə əvvəldən də inanılmaz idi. Onun Prezident olacağına demək olar ki, əksəriyyət inanmırdı. Amma oldu. Bu gün də inanılmazlıqları ilə heyrətləndirməkdə davam edir. Donaldın son heyrətamiz addımı İran İslam respublikası ilə bağlanmış, özü də Avropanın özünə, sözünə hörmət edən dövlətlərlə müştərək bağlanmış Nüvə sazişindən çıxması oldu.

Birləşmiş Ştatların Prezidenti Birləşmiş Ştatların Prezidentinin imzaladığı sazişdən çıxmaqla nəinki dövlətin öz vəd və öhdəliyinə sədaqət prinsipini, eləcə də Beynəlxalq Qaydalar kodeksini, Beynəlxalq Davranış normalarını pozdu. Ətrafının, müttəfiqlərinin bütün inandırma səylərinə baxmayaraq İranla müqavilədən çıxdı və bununla da yeni sanksiyalara qərar verdi. Bu sanksiyalardan isə təkcə İran yox, bu islam respublikasına sərmayə yatırmağa başlayan, burda işgüzar maraqlara malik olan Avropa ölkələri də itirəcək. O Avropa ölkələri ki, Vaşinqtonun həm siyasi, həm də hərbi-siyasi müttəfiqləridir.  İndi isə Trampın  çıxdığı sazişin mahiyyəti barədə qısaca. Uzun müddət idi ki, Amerika Birləşmiş Ştatları İran İslam respublikasını nüvə silahı yaratmaq iddiaslnda günahlandıraraq təzyiq altında saxlayırdı.  “Tehran nüvə silahının bir addımlığındadır, bu ölkəyə nüvə silahına malik olmağa imkan vermək olmaz!” –deyə İrana necə deyərlər rahatlıq vermirdi.

Ağ Evin islam ölkələrində kütləvi inqilablar, amansız müharibələrə rəvac verilməsində fəal rol oynayan o zamankı Prezidenti Barak Obamanın hakimiyyəti dövründə İranla imzalanmış bu müqavilə elə bil ki, sakitləşdirici istisna idi, bir növ, Ağ Ev sanki sübut etmək istəyirdi ki, onun davası bütün islam aləmi ilə deyil, əgər qayadalara riayət olunarsa belə də ola bilər. İran İslam Respublikası bu müqaviləyə görə uranı dinc məqsədlərlə zənginləşdirdiyini isbat etməli,  İranın necə deyərlər, özünü yaxşı aparmasına, uranın razılaşdırılmış miqdarda işlənməsinə, sazişin Tehran üçün cızığdan çıxmayacağına isə   Rusiya zəmanət verməli idi. Hər şey yaxşı gedirdi. Ta ABŞ Trampilin yaradaraq bu sənədin üstündən tullanana qədər. Tapmaca qoca  isə təkcə İran İslam Respublikasının yox, elə Britaniya, Almaniya və Fransanın da başı üstündən hoppandı.  Suriyada guya kimyəvi silah tətbiq etdiyinə görə Bəşər Əsədin cəzalandılrılması əməliyyatına bir təhər haqq qazandırmağı bacaran doğma Britaniya Amerika ingiliscəsini bu dəfə başa düşmədi...

Bu addımla iki dövlətə beynəlxalq baxış dəyişdi. Bu dövlətlərdən biri Amerika Birləşmiş Ştatlarıdır. Bundan sonra haqq-ədalət etalonu olmaq asan olmayacaq, ya da ümumiyyətlə mümkün olmayacaq. Bundan sonra bütün dünyada insan haqlarından nə qədər istəyirsən danış, dövlətlərin haqqına hörmət etməyən bir dövlətin insan haqqlarının arbitrliyinə kim inanar? Hansı haqla? Ya da  rəhbərlik etdiyi ölkəni Dünya Diktatoru edən Prezident əlahiddə bir ölkədə hansısa rəhbəri, prezidenti diktatorluqda necə ittiham edə bilər?!  Hansı üzlə: Hansı sifətlə? Hansı əxlaqla? Bu gün dünya çox narahatdır. Ona görə ki, Donald Tramp Nüvə sazişindən çıxdığını təsdiqləyən imzasıyla həm də dünyada heç bir qaydanın bundan sonra qalmamasına qol qoydu. Bu gün dünya “Trampdan sonra nə olacaq?” sualı ilə üz-üzədir. Qabaqda gedən zəncirlinin ardınca daha hansı ağıllının hansı sənəd altından imza götürəcəyini, ya da dediyi hansı sözün arxasından trampcasına geri çəkiləcəyini həyəcanla gözləyir.

Rusiya Federasiyası və Putin Allah bilir hansı mğvzuda susur və bu susqunluq nə qədər davam edəcək? Və ya kim özünü mini Amerika kimi aparacaq? Bütün beynəlxalq davranış tərzləri, öhdəlikıər, müqavilələr, sazişlər böyük bir sarsıntı keçirib. Donald Tramp Nüvə sazişindən birtərəfli qaydada çıxmaqla Birləşmiş Ştatları həm qeyri-ciddi, həm də çox təhlükəli bir dövlətə çevirməkdədir. Buna qədər bir neçə dəfə Vaşinqton özünü beynəlxalq qanunlardan tam müstəqil aparmışdı.  Hər belə özbaşınalıqdan, hər belə özbuşunalıqdan, hər belə özünübarakmaqdan sonra beynəlxalq qanunlar itirmişdi, bu qanunlara bəşəriyyətin etibarı və etimadı azalmışdı. Amma Amerika Birləşmiş Ştatlarının tarixi bir sənədin altından öz imzasını götürməsi artıq misilsiz bir dərəbəylikdir, nə bilim dərəprezidentlikdir, filandır.

“Mir Şahinin vaxtı”nın tam versiyasına videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə