Beynəlxalq Bankın Moskva törəməsinə həbs qoyuldu

Beynəlxalq Bankın Moskva törəməsinə həbs qoyuldu
Bu barədə qərarı Moskva Arbitraj Məhkəməsi verib

Moskva Arbitraj Məhkəməsi “Sberbank”ın ərizəsi əsasında Azərbaycan Beynəlxalq Bankının (ABB) törəməsi olan “ABB-Moskva”nın kapitalındakı 41,6% paya həbs qoyub.

Real TV-nin İnterfax-a istinadən verdiyi məlumata görə, bu barədə məhkəmə materiallarında qeyd olunur.

Məhkəmə, həmçinin Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsinə sözügedən payla bağlı qeydiyyat hərəkətlərini yerinə yetirməyi qadağan edib.

ABB 2017-ci ilin yazında öhdəliklərinin könüllü restrukturizasiyası barədə elan edib. Bakı məhkəməsi avqustda bankın ərizəsini və restruturizasiya planını təsdiq edib.

“Sberbank” bu ilin aprel ayında ABB-dən kredit müqaviləsi üzrə $21,3 mln. məbləğində borcun tutulması iddiası ilə İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsinə müraciət edib.

Rusiya məhkəməsinin materiallarında bildirilir ki, Nyu-Yorkun Cənub dairəsi üzrə Federal Məhkəmə ABB-nin ABŞ ərazisində olan aktivlərinə moratorium tətbiq edib.

"Beləliklə, məhkəmə tərəfindən ABB-yə və ya əmlaka qarşı istənilən prosessual hərəkətə təşəbbüs edilməsinə qadağa qoyulduğu üçün "Sberbank" ABŞ ərazisində kredit müqaviləsinin icrasına nail olmaq imkanından məhrumdur", - deyə məhkəmənin qərarında qeyd olunur.

Bundan başqa, bu ilin mart ayında ABB “ABB-Moskva”nın ləğv olunmasına dair qərar qəbul edib.

"Bu cür hallar “Sberbank” PSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia tələblərinin təlmin olunduğu və ya məhkəmə qərarının icrası üçün pul vəsaitlərinin çatışmazlığı təqdirdə qərarın icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər", - deyə məhkəmə materiallarına bildirilir.

"Вета" qiymətləndirmə şirkəti “ABB-Moskva”nın 41,6% payını 1,317 mlrd. rubl məbləğində qiymətləndirib.

“Sberbank”, həmçinin ABB-nin Rusiya ərazisində ümumi dəyəri $21,3 mln.-a qədər olan digər əmlakına da həbs qoyulmasını tələb edib. Lakin məhkəmə bu tələbi təmin etməyib, çünki vəsatətdə həbs qoyulması tələb olunan əmlakın siyahısı, onun fərdi əlamətləri, eləcə də ABB-yə məxsus olmasını sübut edən faktlar yer almır.

Məhkəmənin qərarı dərhal icra olunmalıdır. Qərardan onun qəbul olunduğu tarixdən etibarən 1 ay ərzində Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə