Prezident seçkidən sonra niyə məhz məscidə getdiyini açıqladı

Prezident seçkidən sonra niyə məhz məscidə getdiyini açıqladı
İlham Əliyev və xanımı Hacı Cavad məscidinin açılışında iştirak edib

Prezident seçkilərindən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir.

Bunu Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Hacı Cavad dini icmasının üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hacı Cavad məscidinin yeni binasının açılışı münasibətilə sizi təbrik edirəm. Bu, çox gözəl hadisədir, çox gözəl məsciddir. Azərbaycanın ənənəvi memarlıq üslubunda tikilmiş məsciddir. Daxili tərtibatı, xarici görünüşü göz oxşayır. Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsiniz ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünki bu məscid Hacı Cavad məscididir. Sadəcə olaraq onun yeni binasıdır.

Qısa müddət ərzində məscid tikildi və bu gün sizin sərəncamınıza verilir. Çox gözəl memarlıq abidəsidir. Minarə tikilib. Əvvəlki məsciddə minarə yox idi. İdarə üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumata görə, məsciddə eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər".

İlham Əliyev bu məscidin dövlət vəsaiti hesabına tikildiyini vurğulayıb: "Bildiyiniz kimi, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybət məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Siz də bunu yaxşı bilirsiniz. Çünki Hacı Cavad məscidi elə o ərazidə yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturu yaradılacaq. Digər tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunmuşdur: Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilmişdir. Şamaxı rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunmuşdur, Dəmirçi kəndində. O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tamamilə yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik. Orada da ictimai binalar tikilibdir, ətraf abadlaşdırılıbdır. Heydər məscidi mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Bakıda tikilmişdir, gözəl, əzəmətli məsciddir. Cocuq Mərcanlı işğaldan azad olunandan sonra biz bu kənddə Şuşa məscidinin bənzəri olan məscid tikdik. Mən bu məscidin açılışında iştirak etmişəm. Demək olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm".

Prezident bildirib ki, dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir: "Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir".

Dövlət başçısı qeyd edib ki, dini dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır:

"Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dünyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik.

Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram".

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə