Bakıda sürücülər üçün yeni sistem (VİDEO)

Bakıda sürücülər üçün yeni sistem (VİDEO)
Amma bu yenilikdən heç bir dövlət qurumunun xəbəri yoxdur

Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Yayılan qeyri-rəsmi məlumata görə, bu gündən etibarən bütün patkomatlar ləğv edilir.

Yeni sistemə əsasən avtomobili park edərkən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri elektron əl cihazları ilə parklanan avtomobili qeydə alacaq. Nəzarətçilər ödənişi qəbul edə bilməsi üçün artıq yeni cihazlarla təchiz olunub. Sistem sınaq rejimindədir. 

Əksər sürücülərin yenilikdən xəbəri olmasa da, artıq paytaxtın bir çox yerlərində yeni sistem işə düşüb.

Məlumata görə, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürdüyü üçün heç bir güzəşt mümkün olmayacaq.

Sürücülərin sözlərinə görə, yeni sistemdən sonra gecikmə borc kimi qəbul ediləcək və sürücüyə buna görə cərimə yazılacaq. Ödənilən pulu isə nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən gələn inkasatorlara təhvil verəcək.

Maraqlıdır ki, yeni sistemə keçidlə əlaqədar ödəniş qiymətlərində dəyişiklik ediləcəyi ilə bağlı məlumat yoxdur. Gecikməyə görə sürücüyə yazılan cərimənin də nə qədər olacağı bilinmir.

Parkomatların ləğvi ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə yenilikdən xəbərsizdirlər.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığı bildirildi. Maraqlıdır ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da REAL-a açıqlamasında yeni aparatlar barədə məlumatı olmadığını deyib: “Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə, əgər belə  aparat olsa da sürücülər barədə elektron protokol tərtib oluna bilməz. Sürücü ödəniş etmirsə, onu hansı maddə ilə cərimə etmək olar!?”. 

Yol-nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə parkomatların ləğv edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “Yol hərəkəti haqqında Qanunun 53-cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 127-2-ci maddəsində göstərilir ki, saxlanma yerlərində quraşdırılan həmin qurğular Baş Dövlət Yol Polis İdarəsindəki mərkəzi informasiya sisteminə inteqrasiya olunmalı, daxil olan nəqliyyat vasitəsinin daxilolma vaxtı, avtomobilin dövlət qeydiyyat nişanını qeydə almalı, onun fotosunu, videosunu çəkib mərkəzə ötürməlidir. Bundan sonra ödəniş edilib-edilməməsi, hansı müddətdə orada qalması qeydiyyata alınır. Yeni üsula görə bu qeydiyyat mütləq foto və video ilə olmalıdır”.

Ekspert bildirib ki, bu məqamda sürücülərin cərimə edilməsi də mümkün deyil: “Çünki bununla bağlı Nazirlər Kabineti bir neçə normativ akt təsdiq etməlidir. Həmin o normativ aktlardan biri parklanma yerlərinin istifadə qaydalarıdır, digəri dövlət adından parklanma yerlərinin dəqiq siyahısı və onlara görə ödənişin məbləğidir. Bu gün bu normativ aktların heç biri müəyyən olunmayıb. Həmçinin parklanma yerlərinin yaxınlığında yerləşən evlərdə yaşayan avtomobili olan şəxslərə xüsusi talonlar da verilməlidir ki, bu da tətbiq olunmayıb”.

Nəqliyyat üzrə ekspert bildirdi ki, Bakı şəhərindəki bütün parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Bundan sonra bütün bu tip məsələlərin həll edilməsində məsul orqan BNA olacaq. Ona görə də dəyişikılik ərəfəsində belə bir köklü yenilik mümkün deyil..

Qeyd edək ki, parkomatların quraşdırılmasına 2014-cü il mayın 12-dən başlanılıb.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə