» » Bir teletamaşanın mahnılarının izi ilə

Bir teletamaşanın mahnılarının izi ilə

Bir teletamaşanın mahnılarının izi iləYaxud musiqiyə "yatmayan" mətnlərin bəstəkarı

Bəstəkarlıq hüququnu təsdiq elətdirmək istiqamətində bu vaxta qədər heç bir iş görməyib. İllərdir, sadəcə sevdiyi işlə məşğuldur - İtaliya vokal məktəbini, gitara çalğısını öyrətdiyi tələbələri, aranjman üçün müraciət edən sifarişçiləri var. Yaradıcılığının SSRİ mərhələsi bitəndən bəri qastrolları Antalya kimi məkanlara yön alıb. Eldar Mansurov, mərhum Elxan Əhədzadə kimi sənət dostları onun musiqisinin azəri musiqisi olması ilə yanaşı, özünəxas tərzi sayəsində həm də dünyəvi musiqi olduğunu etiraf ediblər. Və bunda qeyri-adi heç nə yoxdur - sadəcə, o, XX əsrin intibah dövrü sayılan 60-cı illərin yetirməsidir.

"Mən ömrü boyu yalnız bizim musiqini dinləməklə kifayətlənməmişəm, başqa xalqların da musiqisini dinləmişəm, müxtəlif sintezlər etmişəm. İndiki estradanın təmsilçiləri elə zənn edirlər ki, özünü ona-buna oxşatmaqla sintezə nail olurlar, xeyr, bu, sintez deyil, bu, öz simanı itirməyə aparan yoldur. Gərəkdir ki, öz musiqinin qabarıqlığını savadlı sintezlə çatdırasan, daha öz ifanı bir az türkə, bir az avropalıya, bir az amerikalıya oxşatmayasan. İndi məyusedici hallar çoxalıb. Musiqi mədəniyyəti çox aşağı səviyyəyə enib. Bir çox ifaçılar başqalarını təkrarlamaqla məşğuldurlar. Anlamırlar ki, yaxşı ifaçı olmaq üçün yaxşı, düzgün məktəb keçmək lazımdır".

Müqəddimədən aydın olduğu kimi Milli.Az-ın "Teletamaşalar" layihəsində budəfəki həmsöhbətimiz kütləvi insan deyil. Qasım Xəlilov adı əksəriyyət üçün yalnız sual reaksiyası doğurur. Halbuki İlyas Əfəndiyevin eyniadlı məşhur "Sən həmişə mənimləsən" teletamaşasının musiqisini, orada səslənən mahnıları bəyənməyən, sevməyən az adam tapılar.

Fiziklərin lirik olduqları vaxtlarda...

Qasım (sənəd üzrə adı Əbdülqasımdır) Xəlilovu uzun müddət soraqlaşa-soraqlaşa Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın vasitəsilə tapdıq. Söhbətdən bəlli oldu ki, anası rəssam Salam Salamzadənin bacısıdır. Atası məxfi fəaliyyət göstərən fizik olub. Atasının yarımkeçiricilərlə bağlı ixtirası da var imiş. Hətta 56-cı ildə Cakartada simpoziumda olarkən amerikalılar onu "verbovat" eləmək istəyirmişlər. "Mən 5 yaşında Bülbül adına məktəbdə oxumağa başlamağıma baxmayaraq, fizikanı da sevirdim. Amma taledən qaçmaq mümkün deyil - uşaq vaxtı böyüyəndə kim olacağımı soruşanlara deyirdim ki, ya rəssam olacam, ya da bəstəkar. Mənim ad günüm noyabrda olduğu üçün məktəbə rəsmi qəbul yaşım 8 yaşıma təsadüf etdi və o vaxta qədər fortepiano sinfində oxudum. Günlərin bir günü Kövkəb xanım Səfərəliyeva məni yoxlayanda nə qədər çaşdırmağa çalışsa da, heç nə alınmadı - aşkar oldu ki, müstəsna musiqi duyumum var və mənim skripka sinfində oxumağım məsləhət bilindi. Amma bacım da həmin sinifdə, həm də həvəssiz oxuduğuna, anam isə daha bir skripka məşqlərinə davam gətirə bilməyəcəyinə görə məni 46 nömrəli məktəbə verdilər".

Qasım Xəlilovun hərtərəfli insan olması təkcə musiqi ilə fizikanı, demək olar ki, eyni dərəcədə sevməsi, bu iki sahədəki istedadı ilə məhdudlaşmayıb. Balıqçılığa da davamlı maraq göstərib. Lakin anası onun xahişi ilə gitaranı balıqçılıq həvəsindən əl çəkməklə onu nigaranlıqdan qurtaracağı təqdirdə alacağını bildirəndə balaca Qasım gitaranı seçib. Və bu gitara onun həyatını tamamilə dəyişdi. Vokal imkanlarını, çalmaq bacarığını yeri düşdükcə nümayiş etdirirmiş. Artıq 5-ci sinifdən musiqi bəstələmək bacarığı üzə çıxmağa başlayıb, sadəcə bu bacarığı inkişaf etdirmək lazım idi. 1960-cı illərin ortalarında Moskvadan Süleyman Abdullayev adlı gitaraçı Bakıya gəlib. 300 nəfərdən çox gitara həvəskarı onun imtahanından keçməyə can atırmış. Seçilənlərdən biri də Qasım Xəlilov olub.

"Gitara üzrə musiqi təhsilimi başa vurmağa yaxın səsim də artıq "açılmağa" başlamışdı və mənə konservatoriyanın hazırlıq kursuna daxil olmağı məsləhət görürdülər. Atam isə məsləhət verdi ki, əvvəl fizika üzrə təhsil alım, sonra ürəyim istədiyi qədər musiqi ilə məşğul ola bilərəm. Nə isə, pedaqoji institutun fizika fakültəsinə daxil oldum. Amma həm də vokal imkanlarımı realizə etmək həvəsim mənə rahatlıq vermirdi. Natamam musiqi təhsilimi mükəmməlləşdirmək istəyirdim".

Fizika üzrə təhsilini yarımçıq qoymaq fikrində olmadan hazırlıq şöbəsinə qəbul imtahanlarının axırıncı günü gedir konservatoriyaya, rektor Cövdət Hacıyev imiş. Böyük bəstəkar gəncin elmə və musiqiyə olan maraq və həvəsinin bilik və istedaddan qaynaqlandığını aşkar edib opera sənətinin gələcəyi kimi fizika üzrə təhsilini davam etdirməklə kamal attestatının surəti əsasında Konservatoriyanın hazırlıq kursunda təhsil almasına şərait yaradır.

Şövkət Məmmədovanın ən yaxşı tələbələrindən biri

Pedaqoji institutda təhsilini bitirib atasının köməyi ilə attestatını institutdan götürüb, adi abituriyent kimi konservatoriyanın I kursuna, Şövkət Məmmədovanın sinfinə daxil olur.

"Mənim onun tələbəsi olacağımı bilənlər deyirdilər ki, bəxtin gətirmədi, çünki o, dərsdə yatır. Deyirdim, eybi yox. Əslində, əlbəttə, bəxtim çox gətirmişdi. İtaliya vokal məktəbini mənə Şövkət Məmmədova öyrədib. Yeri gəlmişkən, Müslüm Maqomayev də onun tələbəsi olub və Şövkət xanım onun haqqında mənə çox danışıb - həm müsbət, həm də mənfi cəhətlərini. "Raspevka"nı o, özü yoxlayırdı. Və müxtəlif ariyaları ifa etdikcə gözlərinin ifadəsindən başa düşürdüm ki, bəyənir, ya yox. Və bir dəfə də dedi ki, tenorun ən yüksək oktavası olan "si"ni götürməyə müvəffəq oldun, çünki səsin yerindədir. Mənim səsim isə baritondur, baritonun ən yüksək notu "sol"dur. O vaxt Dövlət imtahanında 15 respublikanın hamısından nümayəndələr iştirak edirdilər. İndi isə ariya yerinə "Qızıl üzük" romansını oxuyurlar, komissiya üzvləri də bunu məqbul sayırlar. Bizim proqramda isə Azərbaycan əsərlərindən başqa, fransız, ispan, italyan, rus ariyaları da var idi. Nə isə, Dövlət imtahanında Viktor Marçenko da iştirak edirdi. Onu o vaxt bizim teatr Belarusdan dəvət etmişdi, o da yalnız orta təhsilə malik olduğu üçün ali təhsili Bakıda aldı. Tələbələrin sayı isə 60-dan çox idi. "5" qiymətini mənimlə ona verdilər".

Amma o, operanın gələcəyi olmaq istəmədi. Bir çox vokalçılar kimi bu sahənin tərəfdaş asılılığı cəhətinə davam gətirə bilməyəcəyini düşünüb bəri başdan bu perspektivdən vaz keçdi. Halbuki Qasım Xəlilovun əcnəbi dillərdə oxuduğu ariyaları eşidən əcnəbi söz və musiqi xiridarları mükəmməl tələffüz və ifasına görə onu özlərininki sayıblar.

Moskvanın kəşf etdiyi bəstəkar

Konservatoriyanın tələbəsi ola-ola həm də Dövlət Estrada Simfonik Orkestrinin solisti kimi fəaliyyət göstərirmiş. Amma Qırmızı Əmək Bayrağı Ordenli Xəzər Dəniz Donanmasının Ansamblında əsgəri xidmətini başa vurandan sonra Estrada Orkestrindəki yaradıcı ab-hava xeyli dəyişdiyinə görə oraya qayıtmaq istəməyib.

1982-ci ildə təsadüfən Saulski ilə tanış olmağı ilə Moskva həyatı başlayıb. 1985-ci ilə qədər orada yaşayıb-yaradıb. Saulski etiraf edirmiş ki, həmin vaxt Moskvada səs və ifa bacarığı, diapazonu bu dərəcədə müxtəlif olan ikinci bir vokalçı yoxmuş. Moskvada Leninqrad Estrada Simfonik Orkestrində Silantyevlə, Lyudmila Lyadova ilə Estrada Teatrında işləyir, "С песней по жизни" kimi verilişlərin qonağı olur, "Mayak" radiostansiyası onun bəstəkarı və aranjman müəllifi olduğu mahnıları oxudur.

"Bakıdakı dost-tanışlar elə bilirdilər ki (Leninqrad Orkestrində də, Silantyevin Orkestrində də bakılılar az deyildi), Moskvada mənim yerim artıq hazırdır və doğrudan da bunun üçün qarşımda kifayət qədər imkanlar açılmışdı. Hətta hər cəhətdən çox yaxşı bir ailə mənimlə qohum olmaq niyyətlərini də açıq büruzə vermişdi. Mən isə həmişə o qənaətdə olmuşam ki, yalnız sevgi əsasında ailə quracam. Yeri gəlmişkən, kifayət qədər gec evlənmişəm, yaşım 40-a çatmışdı. Həm də daha tez evlənməyə heç vaxtım da yox idi - 68-ci ildən fizika fakültəsində, konservatoriyanın vokal şöbəsində, İnşaatçılar Sarayında gitara dərsləri verirdim, "AZİ"nin "Qara qayalar" instrumental ansamblı ilə SSRİ-nin şəhərlərinə qastrollara gedirdik, "Azərbaycanfilm"in nəzdində aktyorluq kursuna da gedirdim. 87-ci ildə daha bir ali məktəbə - AZOİTP-yə də daxil oldum. Azərbaycan İxtiraçılıq Yaradıcılığı və Patentşünaslıq adlanan bu ali məktəb öz təyinatına görə SSRİ-də yeganə idi. İndiki "İçərişəhər" metrostansiyası ərazisində yerləşirdi. "Mosfilm"in çəkiliş qrupu gəlib o institut haqqında sənədli film çəkəndə bizim bu evə də gəlmişdilər və mən də filmin qəhrəmanlarından biri kimi çəkilmişdim. O institut mənə çox şey verdi - orada tələbələrin qeyri-adi düşüncə tərzini aşkar edib bu bacarığı inkişaf etdirməyə hər çür şərait yaradılırdı".

Moskvada daha çox vokalçı kimi fəaliyyət göstərdiyinə görə dəvət olunmuş ifaçı olmağına baxmayaraq, qastrollara da gedirmiş. Bir gün isə "Moskonsert"də "Azkonsert"in ünvanına müğənni yox, bəstəkar Qasım Xəlilovun qastrola çıxması üçün icazə teleqramı gəlir. Məsələ belə olmuşdu - Lyadovanın mahnılarının mətnini yazan şair Vladimirov bir gün onun gitara bəstələrindən birini eşidir bu qabilyyətini gizli saxladığı üçün məzəmmət edir. Və heç bir bəstəkarın musiqi bəstələyə bilmədiyi şeirlərdən birinə mahnı yazmağı ona həvalə edir. Qəhrəmanımız, təbii ki, bu sınaqdan üzüağ çıxır. Beləliklə, daha bir yaradıcı əməkdaşlığın əsası qoyulur.

Müslüm Maqomayev üçün yazdığı mahnı...

"Məndən 6 yaş böyük bacım Bülbül adına məktəbdə Müslüm Maqomayevlə bir sinifdə oxuyurdu. Sonra bacım skripkanı atıb adi məktəbə keçdi. Amma həmişə Müslümlə köhnə məktəb yoldaşı münasibətləri qalırdı. Yadıma gəlir ki, Müslümü anası oğurlayıb aparanda əmisigil çox narahat olmuşdular. Bir gün anam Moskvaya gedəndə təyyarədə Müslümlə rastlaşır, onda o artıq tanınmış sənətkar idi, başqa bir sərnişinlə, generalla yerini dəyişir ki, Moskvaya qədər yolu anamla yanaşı getsin. Və bütün yolu o vaxta qədər başına gələnlərdən, nənəsini dəfn etməyindən, başqa işlərdən danışıb. Mən də Moskvada yaşadığım vaxtlarda musiqi bəstələdikcə hiss edirdim ki, məhz Müslüm Maqomayev üçün nəsə yazmaq istəyirəm. Və bir gün Mixail Vladimirovun sözlərinə bir mahnı bəstələdim və hər kim bu mahnını eşidirdisə, deyirdi ki, bu məhz Müslüm Maqomayevin repertuarı üçündür. Mən də dəfələrlə ona bu mahnını təqdim etmək istəsəm də, görüşməyimiz alınmırdı. Nəhayət, bir gün o, Kino Evində görüş təyin etdi. Mən tanışlıq vermədim. O dedi ki, cəmisi 10-15 dəqiqə vaxtı var. Mən bəstəmi çalıb qurtaranda çox maraqlı bir fikir dedi. Mənimlə gec görüşdüyünə görə üzr istədi və söylədi ki, çoxlarından bəstəsini dinləmək dəvəti alır, amma o bəstələri dinləyəndə çox məyus olur, çünki o mahnıların doğurduğu təəssürat belədir ki, sanki kimsə vacib bir söz deyəcəyini vəd edərək uzun-uzadı söhbətə başlayır, nəticədə heç bir önəmli söz demir ki, demir. Bu obrazlı fikir mənim beynimdə qaldı. Və təəssüf ki, belə mahnıları son vaxtlar tez-tez eşidirik. Müslüm qeyd etdi ki, mənim mahnım bu təəssüratın tam əksini doğurdu, mahnıya bir neçə dəfə qulaq asdı, çox bəyəndiyini və repertuarına daxil etməyi tam yəqinləşdirməsi üçün bir həftədən sonra təkrar görüşməli olduğumuzu dedi. Sonra mənim gitaramla maraqlandı, özünün musiqi müşayiətinə daxil etmək üçün onun səsini yazmaq istədiyini bildirdi, musiqi aparaturasını göstərdi və beləliklə, aramızda ünsiyyət yarandığına görə mənə ayırmağı nəzərdə tutduğu 10-15 dəqiqə 2 saat yarıma çevrildi. Amma bir təsadüf nəticəsində mən bu mahnını komsomol xəttilə keçirilən ən yaxşı bəstəkar nominasiyası üzrə keçirilən bir müsabiqəyə təqdim etməli oldum və bir gün Bakıdan zəng edib dedilər ki, mənim bu mahnım birinci yerə layiq görülüb, ona görə də mahnını yazdırmalıyam. Mən xəcalət çəkə-çəkə Müslümə zəng edib üzrxahlıq elədim, o da dedi ki, heç vaxt ilk ifaçı adına iddialı olmayıb və indi bu mahnını ifa etmək fikri daha da qətiləşdi. Klavir də onda idi, dedi ki, kiçik düzəlişlərlə Aleksandrovun orkestrinin müşayiətində ifa edib lentə aldıracaq. Amma bunun niyə baş vermədiyini bilmədim.

Mənim kumirim Mario Del Monako olub. O, çox görkəmli tenor olub, özü öz səsini yaradıb - əsl vokalçı öz səsini yaratmağı bacarır. Amma oxumağımı həmişə Müslümə oxşadırlar. Yəqin ki, eyni məktəbi keçdiyimizə görədir, tembrlərimiz də oxşardır".

"Sən həmişə mənimləsən"in kadrarxası məqamları

"Bakıya gələndə mahnılarımın fonoqramını istədilər və dərhal bu teletamaşanın musiqisini bəstələməyi təklif etdilər. Mən isə o vaxta qədər azəri musiqisi yazmadığıma görə az qala imtina edəcəkdim, amma düşünüb-daşınıb işə başladım. Əlbəttə ki, o vaxta qədər azəri musiqisi yazmasam da, bu musiqinin ruhu mənim canımda-qanımdadır. İlk olaraq Gülcahan Güləhmədova-Martınova ilə tanış oldum, o, mənə rusca yazılmış ssenarini oxudu. Mətnin dili çox mükəmməl olduğu üçün məni "tutdu". Ümumiyyətlə isə hesab edirəm ki, Həsənzadə ilə Nargilənin yaş fərqinin o dərəcədə qabardılması o qədər də təbii deyil. Həyatda belə izdivaclar az olmur. Məsələn, mənim atam anamdan 32 yaş böyük olub, babam nənəmdən 25 yaş böyük olub. Özüm isə xanımımdan 23 yaş böyüyəm. Hər üç nikah xoşbəxt nikahlara aiddir. Əlbəttə, bu süjetdə sosial mövqe fərqləri öz rolunu oynayır - Həsənzadə zavod direktorudur, Nargilə isə məktəbi yenicə bitirib. Nə isə, Gülcahan xanım ssenarini oxuyandan sonra məni vağzala apardı ki, ssenaridə təsvir olunan hadisələri real hiss edim. Vağzala aid epizodlar çox çəkilmişdi, bəziləri ekrana çıxmadı, məsələn, Nargilənin qatarın dalınca qaçması epizodu".

Bu pyesdə bir neçə mövzu var - Həsənzadə, Xurşud, Nargilə və sairə. Q.Xəlilov deyir ki, bütün bu mövzular ayrı-ayrı musiqi parçaları ilə ifadə olunmalıydı. "Addım-addım" mahnısının mövzusu isə "qızıl" xətt kimi keçir. Nəbi Xəzri bu mahnını o qədər bəyənib ki, kitabı rus dilində çıxanda şeirlərinə rusca da mahnı bəstələməyini arzuladığını bildirib. Bu mahnılar azəri ladları üzərində bəstələnib, amma avropalaşdırılıb. Q.Xəlilov bu məqamı tələbələrinə də aşılayır, deyir ki, baxın, ispanların bircə ladı var, amma onlar o ladı nəinki Avropaya, bütün dünyaya tanıtmağı, sevdirməyi bacarıblar, bizim ladlarımız çox və rəngarəngdir və milli musiqi mədəniyyətimizi inkişaf etdirmək üçün bu ladları bütün dünya musiqisevərləri üçün duyumlu etməliyik.

""Sən həmişə mənimləsən" tamaşasının musiqisində tarı tamam yeni interpretasiyada təqdim edəndə mənə deyirdilər ki, çox gözəl musiqidir, amma tara uyğun deyil. Niyə axı uyğun olmamalıdır? Tarın gitaradan nəyi əskikdir? Elə etmək lazımdı ki, uyğun olsun və bu uyğunluq görünsün. Mən də bunu sübut etdim. Bu tamaşadan sonra Nəbi Xəzri bəzi bəstəkarlara "Addım-addım" şeirinə musiqi bəstələmək təklifi ilə müraciət etdiyini mənə etiraf etmişdi. Demişdi ki, "heç bir bəstəkar buna cəhd eləməyə ürəklənməyib, siz isə bu şeirə sadəcə musiqi bəstələməmisiniz, siz musiqinizdə mənim bütün duyğu və düşüncələrimi ifadə etmisiniz". Buna görə də kitabını mənə hədiyyə edəndə avtoqraf olaraq bu sözləri yazmışdı: "Ürəklərimizin yekdil döyünməsinə görə bəstəkar Qasım Xəlilova müəllifdən təşəkkür..." Və bu doğrudan da belə idi".

Onun Nəbi Xəzri poeziyasına vurğunluğu xeyli əvvəl başlayıb. Şairin şeirlərinin mövzusu, dili son dərəcə ürəyinə yatıb. Buna görə də teletamaşanın mahnıları üzərində işə başlayanda düşünmədən seçimini sevimli şairinin poeziyasına aid edib. "Sən həmişə mənimləsən" teletamaşasında Həsənzadə ilə Nargilənin gəzinti səhnəsini müşayiət edən musiqidə fayton sədaları eşidilir və bu da təsadüfi deyildi - onlar əslində faytonla gəzməliydilər və Həsənzadənin gözlərinin qarşısında uşaqlığını keçirdiyi çəmənlik canlanmalıydı.

Səhnə və ya ekran əsərində mahnıları personajın öz ifasında eşitmək birmənalı şəkildə daha effektlidir. Nargilənin mahnılarını həmin rolun ifaçısı Məlahət Abbasovanın oxumasını Q.Xəlilov təkidlə təklif edib. O mahnıları ifa etmək üçün Brilliant Dadaşovanı dəvət etmək istəyirmişlər.

"Bu, yamaq kimi görünəcəkdi. Mən Məlahətin oxumağını təklif edəndə Gülcahan xanım dedi ki, axı onun səsi yoxdur. Dedim, eybi yox, mən onunla işləyərəm, istədiyimiz nəticə alınar, vokala ehtiyac yoxdur, bizə gənc bir qızın zümzüməsi lazımdır, ona da nail olmaq çətin olmaz. Bir aydan sonra Gülcahan xanım dedi ki, düzdür, Məlahətin oxumağı daha təbii alınar. Mən də boyun oldum ki, 6 aya Məlahət rejissorları razı salacaq səviyyədə mahnını ifa edəcək. Biz, təbii ki, onunla vokal kimi çətin məsələləri çözmədik, sadəcə, düzgün nəfəs alıb ifadələri bir-bir səsləndirməyi ona öyrətdim. O da həmin yazılış üçün bu işin öhdəsindən gəldi".

Təəssüf ki, Rasim Balayevi də bu işə cəlb etmək alınmayıb. Onun əvəzinə mahnıları bəstəkarın özü oxuyub. Rasim Balayevlə bağlı həmsöhbətimiz belə bir məqam danışdı ki, Rafiq Babayevin orkestrinin müşayiətində yazılışla çəkiliş eyni vaxtda aparılanda aktyor Gülcahan xanıma etiraf edib ki, musiqi sədaları altında obraza daxil olmaq daha üzvi şəkildə baş verir. Səfurə İbrahimova ilə də mahnı ifaçılığı alınmayıb. Onun Nəzakət obrazının mahnısını Flora Kərimova ifa edib.

"Flora Kərimovanı hamımız çox istəyirik. Bu tamaşada isə Səfurə xanım İbrahimovanın obrazının mahnısını ifa edərkən onu yeni keyfiyyətdə kəşf edib daha da çox hörmət etdim. Eyni sözləri Alla Puqaçovanın "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki mahnıları ifa etməsi haqqında da deyə bilərəm. Flora xanım gözləntilərimizi nəinki doğrultdu, hətta bir az da artıq dərəcədə vəzifəsinin öhdəsindən gəldi - bizə lazım idi ki, məhz Flora Kərimovanın oxuması hiss olunmasın, ana obrazının səsi eşidilsin və o da elə oxudu ki, sanki Səfurə xanımdı oxuyan. Yazılışa Səfurə xanım özü də gəlmişdi, bu isə hər aktyora xas məsuliyyət hissi deyil. Başda çox istiqanlı, işini yüksək səviyyədə bacaran quruluşçu rejissor, mərhum Tariyel Vəliyev olmaqla bütün çəkiliş qrupu çox gözəl tərkibdə idi. Yeganə məyusedici məqam texniki nasazlıqla bağlı oldu. Musiqinin yazılışının keyfiyyəti aşağı səviyyədə olduğu üçün Moskva bu tamaşanın Mərkəzi Televiziya ilə nümayişinə icazə vermədi.

Tamaşanın ilk nümayişindən sonra Az.Tv-yə getmişdim. Məni görən tanış-biliş deyirdi ki, o vaxtkı sədr, rəhmətlik Elşad Quliyev iclasda bu tamaşa haqqında yüksək fikirdə olduğunu deyib və musiqisini xüsusi tərifləyib. "Ay gecə" mahnısını tamaşa efirə gedənə qədər eşidənlər deyirdilər ki, bu mahnını buraxmayacaqlar, çox müasirdir. Amma bəxtim gətirdi ki, sədr Elşad Quliyev kimi mütərəqqi adam idi".

Qasım Xəlilovun mahnılarının tamaşadan sonrakı həyatı qazanmaması, məncə, onların ilk dəfə bəstəkarın öz ifasında səslənməsi ilə bağlıdır - bu məqam müğənnilərdə müəyyən baryer yaradıb.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  9. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  10. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  11. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  12. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət