» » İlham Əliyevin strateji addımı: Gürcüstan səfərinin mühüm aspektləri

İlham Əliyevin strateji addımı: Gürcüstan səfərinin mühüm aspektləri

İlham Əliyevin strateji addımı: Gürcüstan səfərinin mühüm aspektləriCənubi Qafqaza diqqət xeyli artıb. Bu regionda sabitliyin qorunub saxlanması və davamlı inkişafın təmin edilməsi məsələsi yeni çalarlar alır. O cümlədən enerji təhlükəsizliyi problemi daha da aktuallaşıb. Rəsmi İrəvan yaranmış vəziyyətdən yararlanmağa çalışır. Doğrudur, bu, uğursuzluqla nəticələnir. Lakin Azərbaycanın bir dövlət olaraq regionda daim fəal mövqe tutduğunu da unutmaq olmaz. Bu bağlılıqda prezident İlham Əliyevin Tbilisiyə son səfəri əhəmiyyətli məqamlarla yadda qaldı. Azərbaycan prezidentinin bütövlükdə regionun gələcəyi üçün çox vacib olan ideyalar irəli sürməsi və rəsmi Tbilisi ilə mühüm razılıqların əldə edilməsi ekspertlərin marağına səbəb olub.

Geosiyasi təhlükəsizlik və iqtisadi əməkdaşlıq: kəsişən nöqtələr

Azərbaycanın dövlət başçısının Gürcüstan səfərinə dünyada olan maraq tam əsaslı idi. Məsələ yalnız Yaxın Şərqdə faktiki olaraq yeni qüvvələr nisbətinin formalaşması fonunda Cənubi Qafqaz regionuna mümkün kənar təsirlərin nəticələrini müzakirə etməkdən ibarət deyildi. Bölgədə uzun illərdir ki, belə bir mürəkkəb vəziyyətdə strateji əməkdaşlıq edən iki müstəqil dövlətin qarşılıqlı əlaqələri hansı istiqamətlərdə inkişaf etdirməli olduqlarının müəyyənləşdirilməsi də böyük əhəmiyyət daşıyır. Fikrimizcə, Bakı və Tbilisi yaranmış situasiyada lazımi dərəcədə konstruktiv addımlar atmağa hazır olduqlarını nümayiş etdirdilər.

Bu məsələnin iki tərəfi vardır. Əvvəlcə, onu qeyd etmək olar ki, Ermənistan rəhbərliyi bir sıra tələsik addımlar atmaqla regiondakı ağır geosiyasi durumunu düzəltməyə çalışır. Rəsmi İrəvan İran və Rusiya faktorundan istifadə edərək, Azərbaycanın uzun illərdir uğurla həyata keçirdiyi enerji siyasətinin səmərəliliyini azaltmağa cəhdlər edir. O cümlədən Tehrandan qaz alıb, onu Gürcüstan vasitəsi ilə Avropaya çıxarmaq kimi iddialara düşür. Bu istiqamətdə ermənilər Moskva ilə dil tapmaq yönündə addımlar atmaq istəyir. Lakin Kreml Cənubi Qafqazda İranın enerji sahəsində söz sahibi olmasına, xüsusilə də ən yaxın müttəfiqi olan Ermənistana təsir imkanlarını genişləndirməsinə razı olmaz. Ermənistan ekspertləri problemin bu aspektini xüsusi qeyd edirlər.

Digər tərəfdən, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı bütövlükdə regionun gələcək taleyi üçün çox əhəmiyyətlidir. Ekspertlər vurğulayırlar ki, regionun sabitliyi və davamlı inkişaf perspektivi bu iki ölkə arasındakı əlaqələrdən birbaşa asılıdır. Həmin səbəbdən Azərbaycan dövlət başçısının qonşu ölkəyə səfərinə müxtəlif dairələr böyük maraq göstərirdilər.

Lakin bütün bunlara baxmayaraq, Serj Sarkisyan Tbilisiyə səfəri zamanı Gürcüstan rəhbərliyini Fars körfəzi ilə Qara dənizi birləşdirə biləcək layihəyə cəlb etməyə çalışdı. "Stratfor" analitik mərkəzi bu məqamın iki özəlliyinə diqqət yetirib. Birincisi, İran və Rusiya Ermənistanı birləşdirici faktor kimi qəbul edərlərmi? İkincisi, Moskva Ermənistanın müəyyən dərəcəyə qədər güclənməsində maraqlıdır. O, İrəvanın Tehrana yaxınlıq səviyyəsini də bu "şkala ilə ölçür" (bax: Stratfor: Иран и Россия рассматривают Армению как связующее звено / "Iran.ru", 3 noyabr 2015 və Stratfor: Россия хочет видеть Армению слабой и мешает её проектам с Ираном / "News.am", 3 noyabr 2015). Bunlar faktiki olaraq İrəvanın manevr imkanlarının çox məhdud olduğunu nümayiş etdirir. Həmin səbəbdən bu, rəsmi Bakını narahat edə bilməz.

Buna baxmayaraq, sürətlə dəyişən geosiyasi mühitdə Gürcüstan rəhbərliyinin ata biləcəyi addımları proqnozlaşdırmaq lazımdır. Azərbaycan-Gürcüstan əməkdaşlığının Cənubi Qafqaz və Avropa üçün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alsaq, problemin aktuallığına bir daha əmin ola bilərik.

Azərbaycan prezidenti daim qabaqlayıcı və sanballı addımlar atır. Onun həyata keçirdiyi siyasətdə müstəqilliyin və ölkənin maraqlarının qətiyyətlə qorunması ön planda olur. Buna görə də İlham Əliyevin Tbilisi səfərində irəli sürdüyü strateji yüklü fikirlər tamamilə gözlənilən idi.

Əməkdaşlığın perspektivi: regional inkişaf naminə

Azərbaycan rəhbəri Tbilisidə enerji ehtiyatlarının nəinki öz ölkəmizi, hətta qonşuları və Avropanı da 100 il müddətində təmin etməyə yetərli olduğunu əminliklə söylədi (bax: Азербайджан cможет обеспечивать газом как себя, так и соседей - Алиев / "Новости-Грузия", 6 noyabr 2015).

Gürcüstan KİV-in yaydığı məlumatlara görə, qaz mövzusu Tbilisinin "Qazprom"la apardığı danışıqlar fonunda daha da aktuallaşmışdı. Lakin məsələnin əsas tərəfinin İrəvanın məhz İran qazını Gürcüstan vasitəsi ilə Qara dənizə çatdırmaq planları ilə əlaqəli olduğunu düşünürük. Çünki bununla Ermənistan Azərbaycanın enerji siyasətinə bir alternativ formalaşdırmağa çalışır. Özünün təcrid vəziyyətindən çıxması istiqamətində həmin kursun müəyyən təsiri ola bilərdi.

Ancaq İlham Əliyev Tbilisidə Azərbaycanın Gürcüstana ən çətin vaxtlarında çox ciddi yardım etdiyini, bu ölkəni faktiki olaraq qlobal geosiyasi əhəmiyyəti olan layihələrə dost və qardaş kimi qoşduğunu xatırladıb. Gürcüstan prezidenti həmin məqamı bir daha açıq etiraf edib. Georgi Marqvelaşvili deyib: "Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq" (bax: Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 5 noyabr 2015).

Şübhəsiz, Gürcüstanın dövlət başçısı bu sözləri təsadüfən demir. Prezident İlham Əliyev reallığı yüksək səviyyədə nəzərə çatdırıb və hər iki ölkə üçün sərfəli olan əməkdaşlıq modelinin perspektivini, strateji əhəmiyyətini ortaya qoyub. Bunun nəticəsində Gürcüstan rəhbərliyi Azərbaycanın etibarlı, səmimi və qarşılıqlı faydalı əməkdaşlıq təklifini məmnuniyyətlə qəbul edib. İlham Əliyevin Tbilisidə ifadə etdiyi aşağıdakı fikirləri bu tezisin doğruluğunu təsdiqləyir: "Əlbəttə, bu gün biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik. Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, "Cənub" qaz dəhlizi ki, bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi, bu gün "Cənub" qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. "Cənub" qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır. Bu layihə uğurla icra edilir" (bax: əvvəlki mənbəyə).

Azərbaycan prezidenti daha sonra həmin kontekstdə xüsusi vurğulayıb ki, "Cənub" qaz dəhlizi indi Avropada reallaşan ən böyük energetika layihəsidir. Belə olan halda Gürcüstanın bu prosesdən kənarda qalması hər şeydən əvvəl Tbilisiyə ziyandır. Maraqlıdır ki, məsələnin bu tərəfini Gürcüstan rəhbərliyinə Azərbaycan anladır. Xatırladaq ki, vaxtilə ulu öndər Heydər Əliyev Gürcüstana səfəri zamanı rəsmi Tbilisinin diqqətinə Bakı-Tbilisi-Ceyhan layihəsinin qlobal geosiyasi əhəmiyyətini çatdırmışdı. Bu gün cəsarətlə demək olar ki, tarix ədalətlidir və yenidən təkrar olunur.

Təbii ki, yuxarıda deyilənlər İlham Əliyevin Gürcüstan səfərinin çox mühüm aspektlərini ifadə edir. Bununla yanaşı, Azərbaycan rəhbərinin soydaşlarımızın yaşadıqları Marneuli bölgəsində olduqca vacib fikirlər irəli sürdüyünü vurğulamaq gərəkdir. Azərbaycanın hər zaman Gürcüstana nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək verdiyini ayrıca qeyd etmək olar. Azərbaycan beynəlxalq hüququn və Gürcüstan konstitusiyasının imkan verdiyi çərçivələrdə qonşu dövlətdə yaşayan azərbaycanlılara diqqətini daim artırır. Prezidentin azərbaycanlılar oxuyan məktəblərin təmirinə, onların yaşadıqları kəndlərin abadlaşdırılmasına birbaşa yardım ediləcəyini açıq bildirməsi qürurvericidir. Doğrudan da, Gürcüstanın ən ucqar kəndlərini SOCAR-ın qazlaşdırması insanları çox sevindirir. Ölkə başçısının bu prosesin daha da inkişaf etdirilməsindən söz açması böyük inam yaradır.

Bunlar belə nəticəyə gəlməyə əsas verir ki, Gürcüstan səfəri ilə İlham Əliyev Cənubi Qafqazı faktiki olaraq növbəti geosiyasi-energetik qeyri-müəyyənlikdən xilas etdi. O, Azərbaycan dövlətinin mövqeyini əsaslandırılmış şəkildə rəsmi Tbilisiyə və təbii ki, həmin üsulla bütün dünyaya çatdırdı.

Prezident göstərdi ki, birincisi, Azərbaycan müstəqil dövlət kimi regionda kifayət qədər mühüm rol oynaya bilir. İkincisi, bunun üçün ölkə rəhbərliyinin lazımi səviyyədə siyasi iradəsi vardır. Dövlət başçısı Azərbaycanın strateji maraqlarına uyğun addımları çəkinmədən atır. Üçüncüsü, Azərbaycan iqtisadi inkişafın elə mərhələsindədir ki, qlobal əhəmiyyətli ən iri layihələri belə həyata keçirə bilər. Dördüncüsü, heç kəs Azərbaycanı həyata keçirdiyi müstəqil siyasət kursundan döndərə bilməz. O cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti bütün gücü ilə davam edir.

Vurğulanan məqamlar prezident İlham Əliyevin son Gürcüstan səfərinin çox uğurlu olduğunu göstərir. Tbilisi uzun müddət bu səfərin təəssüratı altında olacaqdır.
Oxşar xəbərlər

Şou-biznes

Kriminal
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ən çox oxunan / Ən son əlavə edilən
  1. FAIQ ƏHMƏDOVU ZORLAMADA İTTAHAM EDƏN QADIN HƏBS OLUNDU
  2. Zəhra qızıma təbrik!
  3. Yasamal rayonu 286 saylı məktəbdə " Ağla, qərənfil, ağla" adlı tədbir keçirilib.
  4. TQDK növbəti SAT imtahanı keçirəcək
  5. 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...
  6. Alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər
  7. Bu gün realtv.az-nin təsisçisi Lumu Aydin xanımın ad günüdü
  8. Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı
  9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
  10. Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
  11. Dövlət hesabına 4 milyon dərslik çap edilib
  12. Həsən Ruhani: "Astara-Astara dəmir yolunun birləşdirilməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq"
  13. Alimlər insan beyni hazırladı
  14. Gələcək nəsil nağd puldan istifadə etməyəcək
  15. Bakıda 25 yaşlı qız zəhərlənib.
  16. İnterpolun axtardığı rus məmur Azərbaycan pasportu ilə tutuldu
Mədəniyyət