Главная > gundem, siyaset > İlham Əliyev: "Bəzi kənar qüvvələr yenə də ekoloji bəhanələr gətirərək "Cənub Qaz Dəhlizi" üzrə işləri yubatmağa çalışırlar"

İlham Əliyev: "Bəzi kənar qüvvələr yenə də ekoloji bəhanələr gətirərək "Cənub Qaz Dəhlizi" üzrə işləri yubatmağa çalışırlar"


10-04-2017, 19:26. Разместил: realtv
İlham Əliyev: "Bəzi kənar qüvvələr yenə də ekoloji bəhanələr gətirərək "Cənub Qaz Dəhlizi" üzrə işləri yubatmağa çalışırlar"Bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək "Cənub Qaz Dəhlizi"nin bəzi seqmentlərində işləri yubatsınlar.

RL.Tv AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir".

İlham Əliyev bildirib ki, birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıb: "Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir. Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəridir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi. Biz tezliklə ciddi islahatları dəyərləndirdik, çox operativ tədbirlər gördük. İqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımlar atıldı. Biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq".

Prezident bu ilin üç ayında ticarət dövriyyəsinin 15 faiz artdığını deyib: "Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür. Çünki biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu. Bu barədə artıq çox danışmışıq, təkrar etmək istəmirəm. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

Bax, bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik".

Dövlət başçısı birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını qeyd edib: "Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür".

İlham Əliyev bildirib ki, bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı da önəmli hadisə baş verib: "Cənub Qaz Dəhlizinin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Bu layihədə iştirak edən bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular. Məşvərət Şurasının yekunu olaraq qətnamə qəbul edildi. Bu qətnamədə yenə də ölkəmizin liderlik rolu qeyd edilir. Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək Cənub Qaz Dəhlizinin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var: "Xüsusilə qeyd etməliyəm ki, bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib".
Вернуться назад